Meksikada atışmada merliyə namizəd və daha 5 nəfər ölüb
- 17 may, 2024
- 16:19
Meksikanın Çiapas ştatında baş verən atışma nəticəsində 6 nəfər, o cümlədən La Konkordiya bələdiyyəsinin merliyinə namizəd ölüb.
“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə ştat prokurorluğu feysbuk səhifəsində məlumat yayıb.
“Çiapas Baş Prokurorluğu La Konkordiya bələdiyyəsində 6 nəfərin ölümünə səbəb olan zorakılıqlara görə məsuliyyət daşıyanları müəyyən etmək üçün təhqiqata başlayıb”, - qurumun açıqlamasında deyilir.
“İlkin araşdırmalara görə, Çiapas Xalq Partiyasından La Konkordiya bələdiyyəsinin başçısı vəzifəsinə namizəd Lusero Lopes Masanın iştirak etdiyi seçki kampaniyası zamanı silahlı mülki şəxslər arasında toqquşma baş verib”, - prokurorluqdan bildirilib.
Polis altı nəfərin (biri azyaşlı olmaqla üç qadın və üç kişi) aldığı güllə yaralarından öldüyünü təsdiqləyib.