Malidə güclü daşqınlar nəticəsində azı 77 nəfər ölüb, 148 nəfər isə xəsarət alıb.
“Report” “Malijet” portalına istinadən xəbər verirki, bu barədə Malinin keçid dövrünün baş naziri Çoqel Kokalla Mayqa böhran və təbii fəlakətlərin idarə olunması üzrə nazirliklərarası komitənin iclasında çıxışı zamanı bildirib.
“Daşqınlar nəticəsində 264 648 nəfəri əhatə edən 47 955 təsərrüfata ziyan dəyib. 77 nəfər ölüb, 148 nəfər xəsarət alıb”, - o deyib.
Baş nazirin sözlərinə görə, bir çox yaşayış binaları, məktəblər, infrastruktur obyektləri dağılıb.
Qeyd edək ki, bu il Qərbi və Mərkəzi Afrikada misli görünməmiş halda olan daşqınlardan ümumilikdə təxminən 4 milyon insan zərər çəkib. Ən çox ziyan dəymiş ölkələr Nigeriya, Çad, Mali, Qvineya, Niger, Kamerun, Qana və Liberiyadır.
Mütəxəssislər dağıdıcı daşqınların səbəblərini qlobal iqlim dəyişikliyində görürlər. Beynəlxalq Qızıl Xaç Komitəsinin məlumatına görə, Saheldə (Afrikada Şimali Sahara ilə Cənubi Sahara arasında özünəməxsus keçid olan məhsudar torpaqlara malik tropik savanna regionu – red.) orta temperatur digər ölkələrlə müqayisədə 1,5 dəfə daha sürətlə yüksəlir.