Malinin prezidenti İbrahim Bubakar Keyta istefa verdiyini bəyan edib.
“Report” xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə prezident Keyta Mali televiziyasındakı çıxışında bildirib. O bildirib ki, hakimiyyətdə qalması üçün qan tökülməsini istəmir.
Xatırladaq ki, Bubakar Keyta 2013-cü ildən prezident vəzifəsini icra edirdi.
Qeyd edək ki, Qərbi Afrika ölkəsi olan Malinin paytaxtı Bamako yaxınlığında hərbçilər qiyam qaldırıblar. Mali Silahlı Qüvvələrinin Baş Qərargahı Kati bazasındakı hərbi məktəbin keçmiş direktoru polkovnik Sadio Camaranın rəhbərlik etdiyi Milli Qvardiya əsgərlərinin nəzarəti altındadır. Paytaxt Bamakoda bütün dövlət qurumları, idarələri və banklar bağlanıb.
Qiyamçılar paytaxt Bamakoda ölkə prezidenti İbrahim Bubakar Keytanı və Baş nazir Bubu Sisseni həbs etdiklərini açıqlamışdılar.
Artıq BMT Təhlükəsizlik Şurası hərbi çevrilişin baş verdiyi Malidəki vəziyyətlə əlaqədar təcili iclas keçirəcək.