Macarıstan Baş naziri Aparatının rəhbəri Qerqey Quyaş Budapeşti Avropa İttifaqında maliyyə və səsvermə hüququndan məhrum etmək istəyən Avropa Parlamenti və Avropa Komissiyasının rəhbərliyini ikiüzlülər dəstəsi adlandırıb.
“Report” xəbər verir ki, Qerqey Quyaş jurnalistlərlə görüşündə hakimiyyətə gəldikdən sonra güc yolu ilə islahatlar aparmağa başlayan, dövlət mediasında və prokurorluq orqanlarında siyasi təmizləmələr aparan Polşa hökumətinin sədri Donald Tusku tənqid edib:
“Macarıstanda belə bir hadisə baş verərsə, ikili standartlara riayət edib Brüsseldə hökmranlıq edən bu ikiüzlü dəstənin reaksiyasını görmək istərdim”.
Onun sözlərinə görə, Aİ rəhbərliyi digər ölkələrin daxili işlərinə qarışmağa çalışır, bəzi hallarda sərtlik nümayiş etdirir, bəzilərində isə göz yumur.