Latviya hökuməti müdafiə xərclərini qarşılamaq üçün növbəti üç il ərzində maliyyə təşkilatlarının mənfəətinə əlavə verginin tətbiqini dəstəkləyib.
“Report” xəbər verir ki, bu barədə “Bloomberg” agentliyi Baltikyanı ölkənin Maliyyə Nazirliyinin bəyanatına istinadən məlumat yayıb.
“Bu qanun milli təhlükəsizlik sahəsində dövlətin maliyyə ehtiyaclarını ödəmək üçün əlavə resurslar tapmağa kömək edəcək”, - Latviyanın maliyyə naziri Arvils Aşeradens deyib.
Bankların xalis faiz gəlirlərinə təsir edəcək yeni tədbirin 2025-ci ildə büdcəyə əlavə olaraq 93 milyon avro, növbəti iki ildə isə hər il 85 milyon avro cəlb edəcəyi gözlənilir. Eyni zamanda, kreditləşmənin həcmini artıran qurumlar vergi dərəcəsini aşağı sala biləcəklər.
“Bloomberg” əlavə edir ki, qanun layihəsini imzalanması üçün ölkə Prezidenti Edqars Rinkeviçsə təqdim olunmazdan əvvəl Latviya parlamenti tərəfindən təsdiq edilməlidir.
Xatırladaq ki, Latviyanın müdafiə naziri Andris Spruds iyunda ölkənin 2024-cü ildə müdafiə xərclərini ÜDM-in 3 %-nə qədər artıracağını bildirmişdi.