Finlandiya hökuməti milli təhlükəsizliyi təmin etmək üçün Rusiya ilə sərhəd keçidlərini bağlamaq niyyətindədir.
“Report” xəbər verir ki, bu barədə “Helsingin Sanomat” qəzeti mənbələrə istinadən məlumat yayıb.
Qeyd olunub ki, mümkün bağlanmanın səbəbi çərşənbə günü Finlandiyanın şərq sərhədində vəziyyətin dəyişməsidir. Rusiya Federasiyası ilə sərhəddə bütün və ya yalnız bəzi sərhəd-keçid məntəqələrinin bağlanmasının planlaşdırıldığı hələlik məlum deyil.
Hökumət çərşənbə günü (15 noyabr – Qeyd) yerli vaxtla saat 17:00-da (Bakı vaxtı ilə 19:00) başlayan növbədənkənar iclasında məhdudlaşdırıcı tədbirlərlə bağlı qərar qəbul etməli idi. Ancaq məsələnin müzakirəsi uzandığı üçün yekun qərar cümə axşamına təxirə salınıb.
Bundan əvvəl ölkənin daxili işlər naziri Mari Rantanen bildirmişdi ki, Finlandiya hakimiyyəti Rusiya ilə sərhəddə nəqliyyatın hərəkətini məhdudlaşdırmaq üçün hazırlıq işlərinə başlamaq qərarına gəlib.