Avropalıların yalnız 10 faizi Ukraynadakı müharibədə Rusiyanın məğlub olacağını düşünür.
“Report” xəbər verir ki, bu barədə Britaniyanın “The Guardian” nəşri yazıb.
“Keçirilən sorğunun nəticəsində məlum olub ki, Avropanın Ukraynaya dəstəyi güclü olaraq qalır, lakin genişmiqyaslı işğaldan təxminən iki il sonra avropalıların yalnız 10%-i onun Rusiyanı məğlub edə biləcəyinə inanır. Ən çox ehtimal olunan nəticə hansısa formada kompromisin əldə olunmasıdır. Sorğu Fransa, Almaniya, Macarıstan, İtaliya, Hollandiya, Polşa, İspaniya və İsveç də daxil olmaqla Avropa İttifaqının 12 üzv ölkəsində aparılıb”, - nəşr qeyd edib.
Bildirilib ki, respondentlərin fikrincə, Ukraynanın əks-hücum əməliyyatları dalana dirənib.
Sorğuda iştirak edənlərin 20%-i Rusiyanın qalib gələcəyini düşünür. 37 faiz respondent isə kompromisin əldə olunacağına ümid edir.
Xatırladaq ki, Rusiya ilə Ukrayna arasında müharibə 2022-ci il fevralın 24-də başlayıb.
Ukrayna Prezidenti Volodimir Zelenski daha əvvəl bildirib ki, Qərb dəstəyi dayandırsa, ölkəsi geri çəkiləcək. ABŞ Ukraynaya yardımı dayandırıb. Bundan əvvəl xarici KİV yazmışdı ki, ABŞ Ukraynadan hücumdan müdafiə strategiyasına keçməyi tələb edir. ABŞ dövlət katibi Antoni Blinken daha əvvəl Ukraynanın çətin vəziyyətdə olduğunu bildirib.
Ukrayna Prezident Ofisinin müşaviri yanvarın 27-də deyib ki, Rusiya artıq genişmiqyaslı hücumlar təşkil etmək iqtidarında deyil. Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev bildirib ki, müharibə yaxın vaxtda qələbə ilə başa çatacaq. Bir çox Qərb rəsmiləri davam edən döyüşlərin Rusiya - NATO savaşına səbəb ola biləcəyini iddia edirlər.