Kanada Senatı tərəfindən “C-18” qanun layihəsinin qəbul edilməsindən sonra “Meta” şirkəti ölkə mətbuatının dərc etdiyi xəbərlərin istifadəçilər üçün əlçatmaz olacağını bəyan edib.
“Report” xəbər verir ki, yerli qanunvericilər qanun layihəsini guya jurnalistlərin dəstəyi ilə təsdiqlədiklərini bildiriblər.
Bununla belə, qeyd etmək lazımdır ki, “Meta” daha əvvəl istifadəçilərin media ilə maraqlanmadığını açıqlayıb. Belə ki, istifadəçilər bu sosial şəbəkələrə əsasən xəbər məzmunu ilə tanış olmaq üçün daxil olmurlar. Belə olan halda məzmunu onsuz da tələb olunmayan jurnalistlərə “dəstək” qanun layihəsinin qəbulu suallar doğurur.
Ümumiyyətlə, Kanadanın media sektorundakı vəziyyət, yumşaq desək, arzuolunan vəziyyətdə deyil. Çünki, mövcud hadisələr medianın dramatik böhranı fonunda baş verir. İrs Nazirliyinin rəsmi məlumatlarına görə, 2008-ci ildən bəri Kanadanın 450-dən çox media qurumu bağlanıb.
Nüfuzlu elmi nəşr “Canadian Journal of Communication” üçün Kanadada tanınmış media ekspertləri tərəfindən aparılan sorğudan bəzi məlumatları göstərmək kifayətdir.
Araşdırmanın nəticələrinə görə, ölkədə bütün növ mediaya inam geri dönməz şəkildə azalır, xüsusən də respondentlərin yalnız 47%-i internetdəki məlumatlara, cəmi 14%-i isə sosial şəbəkələrdə yerləşdirilən xəbər məzmununa etibar edir ki, bunu da “Meta”nın açıqlamaları bir daha təsdiqləyir.
Eyni zamanda, Kanada mediasının mənzərəsi daha narahatedici və təhlükəli nüanslara malikdir. Laval Universitetindən Tyeri Jyasson və Kolett Bren və Ottava Universitetindən Mari-Mişel Sovajo belə nəticəyə gəliblər ki, mətbuat həqiqətə uyğun, müxtəlif və etibarlı məlumat vermək kimi demokratik missiyasını yerinə yetirməyi dayandırıb, üstəlik, ksenofobiya hücumlarına səbəb yaradır ki, bu da Kanadanın daxili siyasətinin əsas prinsipini - multikulturalizmi təhdid edir.
Qeyd olunur ki, media informasiyanın etibarlılığına can atmır, əsasən “rəylər” dərc edir, “düşmən obrazı” yaradır və hadisəyə müəyyən qədər də olsa aidiyyəti olan faktları cəlb edir.