Bakı.14 fevral. REPORT.AZ/ Kanada polisi kütləvi güllələmə hadisəsinin qarşısını alıb.
"Report" "RİA Novosti"yə istinadən xəbər verir ki, kütləvi güllələmə "Müqəddəs Valentin günü" ölkənin Yeni Şotlandiya əyalətinin Qalifaks şəhərində törədilməsi planlaşdırılıbmış.
Hüquq-mühafizə orqanlarının məlumatına görə, aparılan xüsusi əməliyyat nəticəsində terrorçuluqda şübhəli bilinən 3 nəfər - 23 yaşlı qadın, eləcə də 20 və 17 yaşlı iki kişi tutulub. 19 yaşlı dördüncü şəxs isə yaşadığı mənzildə ölü aşkarlanıb. Onun ölüm səbəbi bilinmir.
Onlar fevralın 14-də Qalifaksda adamların çox olduğu meydana gedərək, dinc sakinləri gülləbaran etməyi, sonda isə özlərini güllələməyi planlaşdırıbmışlar. Tutulanların Kanada və ya ABŞ vətəndaşı olmaları, eləcə də silahı hansı yolla əldə etmələri araşdırılır.