İsrail Səudiyyə Ərəbistanı ilə münasibətləri normallaşdırmağa tələsmir

İsrail Səudiyyə Ərəbistanı ilə münasibətləri normallaşdırmağa tələsmir İsrailin Baş naziri Benyamin Netanyahu ABŞ-da noyabrda keçiriləcək prezident seçkilərindən əvvəl yəhudi dövləti ilə Səudiyyə Ərəbistanı arasında münasibətləri normallaşdırmaq üçün potensial sazişi təşviq etməmək qərarına gəlib.
Digər ölkələr
5 Avqust , 2024 02:45
İsrail Səudiyyə Ərəbistanı ilə münasibətləri normallaşdırmağa tələsmir

İsrailin Baş naziri Benyamin Netanyahu ABŞ-da noyabrda keçiriləcək prezident seçkilərindən əvvəl yəhudi dövləti ilə Səudiyyə Ərəbistanı arasında münasibətləri normallaşdırmaq üçün potensial sazişi təşviq etməmək qərarına gəlib.

“Report” xəbər verir ki, bu barədə məlumatı mənbələrin adını çəkmədən İsrail televiziyasının “12-ci” kanalı yayıb.

Belə ki, Netanyahu ABŞ-dakı siyasi vəziyyət, Amerika lideri Cozef Baydenlə fikir ayrılıqları, eləcə də Ər-Riyadın Qəzza zolağında atəşkəs tələbi səbəbindən hələlik Səudiyyə Ərəbistanı ilə münasibətlərin normallaşdırılması istiqamətində irəliləməyəcəyinə dair qərar verib.

Yayın əvvəlində “The Wall Street Journal” rəsmilərə istinadən yazıb ki, ABŞ və Səudiyyə Ərəbistanı müdafiə paktı bağlamağa yaxındır. Lakin bu səylərin uğuru Fələstin anklavında hərbi əməliyyatların dayandırılmasından və İsrailin Fələstin dövlətinin yaradılmasına sadiqliyinin ifadəsindən asılıdır.

Aprelin sonunda ABŞ dövlət katibi Antoni Blinken bəyan edib ki, Vaşinqton və Ər-Riyad Səudiyyə Ərəbistanı ilə İsrail arasında münasibətləri normallaşdırmaq üçün fəal şəkildə çalışır. Bir ay sonra o, Vaşinqton və Ər-Riyadın yaxın həftələrdə yəhudi dövləti ilə əlaqələri normallaşdırmaq üçün sövdələşmənin bir hissəsini yekunlaşdıra biləcəyini söyləyib.

Fələstin-İsrail münaqişəsinin indiki gərginləşməsindən əvvəl İsrail hakimiyyəti Səudiyyə Ərəbistanı ilə münasibətləri normallaşdırmaq istəklərini dəfələrlə bəyan edib. 2023-cü ilin sentyabrında Netanyahu BMT Baş Assambleyasının sessiyasında çıxış edərək tərəflərin diplomatik münasibətlər qurmağa yaxınlaşdıqlarını söyləyib.

Son xəbərlər

Orphus sistemi