Fransada ÜDM-də rekord azalma qeydə alındı

Digər ölkələr
  • 30 aprel, 2020
  • 07:45
Fransada ÜDM-də rekord azalma qeydə alındı

Koronavirus pandemiyası ilə əlaqədar yaranmış vəziyyət Fransanın ÜDM-inin rekord dərəcədə azalmasına səbəb olub.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə Fransanın Milli Statistika və İqtisadi Tədqiqatlar İnstitutu (INSEE) məlumat yayıb.

Bu dövr üçün ilk qiymətləndirmə olan araşdırmada ÜDM-in bu ilin birinci rübündə 5,8% azaldığı göstərilib.

İnstitutun mütəxəssislərinin fikrincə, bu azalma 1949-cu ildən bəri aparılan ölkənin ÜDM-inin izlənmə dövrü üçün ən güclü geriləmədir.

Bu tənəzzül 2009-cu böhran ilinin ilk rübünün göstəricilərini əhəmiyyətli dərəcədə üstələyir. O zaman ÜDM-də 1,6%-lik azalma qeydə alınmışdı. Buna qədər ÜDM-də ən böyük geriləmə isə 1968-ci ildə baş verib – 5,3%.

İnstitutun mütəxəssislərinin fikrincə, karantinin hər ayı Fransaya illik ÜDM göstəricisinin 3% itkisi ilə nəticələnəcək. Pandemiyadan sonra iqtisadiyyatın canlanması isə çox vaxt tələb edəcək. Fransanın Baş naziri Eduar Filipp aprelin 28-də ölkədə karantin rejiminin mayın 11-dən başlayaraq tamamilə və ya qismən ləğv ediləcəyini açıqlayıb.