Parisdə və Fransanın digər şəhərlərində pensiya islahatına qarşı tətillər və nümayişlər davam edir.
Bu barədə “Report” “Reuters”ə istinadən xəbər verir.
Bu gün Fransada dəmir yolu əlaqəsi kəsilib, dəniz limanlarının, neft emalı zavodlarının, yanacaqdoldurma məntəqələrinin və məktəblərin işi dayandırılıb.
Ötən gün Fransa Prezidenti Emmanuel Makronun çıxışı həmkarlar ittifaqları və müxalifət partiyalarının qəzəbli reaksiyasına səbəb olub.
“Prezidentə ən yaxşı cavab milyonlarla insanın tətil etməsi və küçələrə çıxmasıdır”, - CGT həmkarlar ittifaqının rəhbəri Filip Martinez bildirib.
Xatırladaq ki, Fransa hökuməti martın 16-da parlamentdən yan keçərək pensiya islahatını təsdiqləyib. Pensiya islahatları fonunda E.Makronun reytinqi son dörd ilin ən aşağı səviyyəsinə düşüb.
Bu sənədlə pensiya yaşının 62-dən 64-ə qaldırılması nəzərdə tutulur.