Əvvəlcə Böyük Britaniyada aşkarlanan və daha yüksək yoluxuculuq qabiliyyəti olan VOC 202012/01 koronavirusu son bir həftə ərzində daha yeddi ölkədə aşkar edilib və belə ölkələrin ümumi sayı 118-ə çatıb.
“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) məlumat yayıb.
Qurumun həftəlik epidemioloji bülletenində qeyd olunur ki, keçən həftə virusun müxtəlif variantları barədə məlumat verən ölkələrin sayı artmaqda davam edib. VOC 202012/01 koronavirusundan başqa, ilk dəfə Cənubi Afrikada aşkar olunmuş 501Y.V2 ştammının coğrafiyası da genişlənərək (daha 6 ölkə) 64 ölkəyə çatıb. Əvvəlcə Braziliya və Yaponiyada təsbit edilən P.1 ştammı da daha 6 ölkədə aşkar edilib və indi bu mutasiya növü 38 ölkədə dolaşmaqdadır.
ÜST-nin məlumatına görə, koronavirusun VOC-202012/01 variasiyası Britaniyada keçən ilin sentyabrında ortaya çıxıb. Cənubi Afrikada 501Y.V2 ştammı avqustun əvvəlindən, Braziliya və Yaponiyada isə P.1 ştammı dekabr ayından bəri mövcuddur.