Cənubi Koreyanın hüquq-mühafizə orqanlarının əməkdaşları istefa verən ölkənin keçmiş müdafiə naziri Kim Yon Hyeni vətənə xəyanətdə şübhəli bilərək həbs ediblər.
“Report” xəbər verir ki, bu barədə Yonhap agentliyi məlumat yayıb.
Bundan əvvəl dekabrın 5-də istefa verən nazir Cənubi Koreya prokurorluğunda ifadə verib.
Kim Yon Hyen Koreya Respublikasının Prezidenti Yun Sok Yolun dekabrın 3-də gecə saatlarında ölkədə fövqəladə hərbi vəziyyət rejimi elan etməsi ilə bağlı aparılan araşdırmalar çərçivəsində saxlanılıb.
Xatırladaq ki, Koreya Respublikasının Prezidenti müxalifəti qiyama yönələn fəaliyyətdə günahlandıraraq dekabrın 3-də gecə saatlarında ölkədə fövqəladə hərbi vəziyyət rejimi elan edib. Dekabrın 4-nə keçən gecə məsələ parlamentdə səsverməyə çıxarılıb və prezidentdən hərbi vəziyyətin ləğv olunmasını tələb edən qətnamə qəbul olunub. Nəticədə dövlət başçısı təxminən 6 saat davam edən hərbi vəziyyət rejimini ləğv etmək məcburiyyətində qalıb.
Dekabrın 4-də müxalifət hərbi vəziyyətin tətbiqi üçün heç bir əsas olmadığından prezidentin konstitusiyanı pozduğunu hesab edərək parlamentdə impiçment proseduruna başlayıb. Dekabrın 7-də Yun Sok Yolun impiçmenti parlamentdə kvorum olmadığı üçün baş tutmayıb.