Yuxarı

Bosniya müsəlmanlarına qarşı soyqırıma başçılıq edən general həbsxanada ölüb

Zdravko Tolimirin ölümünün səbəb açıqlanmasa da, onun ağır xəstə olduğu bildirilib

Bakı. 9 fevral. REPORT.AZ/ Bosniya və Hersoqovinadakı serb silahlılarının başçısı olmuş general Zdravko Tolimir Haaqa tribunalının həbsxanasında ölüb.

"Report" xəbər verir ki, bu haqda Serbiya KİV-i məlumat yayıb.

Qeyd edək ki, Z.Tolimir keçmiş Yuqoslaviya parçalanandan sonra Bosniya və Hersoqovinadakı serblərin silahlı dəstələrinə başçılıq edib. O, Serbiya Respublikası Qoşunu qərargahının rəisi Ratko Mladiçin 7 müavinindən biri olub. Z.Tolimirin ölümünün səbəb açıqlanmasa da, onun ağır xəstə olduğu bildirilib.

Haaqa məhkəməsi 2005-ci ildə ona qarşı ittiham irəli sürüb. Z.Tolimir Srebrenitsada Bosniya müsəlmanlarına qarşı soyqırımı törətməkdə ittiham edilib və 2007-ci ildə həbs olunub.

2012-ci ili dekabrın 12-də beynəlxalq Haaqa məhkəməsi Z.Tolimiri soyqırımında günahkar bilərək ömürlük azadlıqdan məhrum edib.

Qeyd edək ki, 1995-ci il iyulun 11-16-da serb general Ratko Mladiçin tabeçiliyində olan və ağır silahlarla təchiz olunmuş Serbiya ordusu Srebrenitsa şəhərində 8 372 bosniyalı müsəlmanı-boşnakı qətlə yetirib. Soyqırımı zamanı qadın və uşaqların da qətlə yetirildiyi sənədlərlə sübuta yetirilib. Serbiya ordusu ilə yanaşı, "Əqrəblər" adı ilə tanınan Serbiya xüsusi təhlükəsizlik dəstələri də soyqırımın törədilməsində iştirak edib.

BMT şəhərə 400 silahlı Hollandiya sülhməramlısı yerləşdirsə də, soyqırımın qarşısını almaq mümkün olmayıb.

Srebrenitsa qətliamı II Dünya müharibəsindən sonra Avropada baş verən ən irimiqyaslı soyqırım sayılır. Bu, həm də II Dünya müharibəsindən sonra Avropada hüquqi cəhətdən ilk dəfə sənədləşdirilmiş cinayət aktıdır.

Xatırladaq ki, BMT Təhlükəsizlik Şurasında Srebrenitsada soyqırımın törədilməsi ilə bağlı hüquqi sənədin qəbul edilməsi müzakirə olunub. Şuranın 15 üzvündən 10-u bu məsələnin lehinə səs verib. Rusiya veto qoyduğundan sənəd qəbul edilməyib.

Yuqoslaviyadakı 1991-1995-ci il savaşından əvvəl Srebrenitsada 36 666 nəfər yaşayıb. Məlumata görə, hazırda orada yaşayanların sayı on minə yaxındır. Soyqırımadək Srebnitsada əhalinin 78%-ni boşnaklar, 9% -ni isə serblər təşkil edirmiş. İndi müsəlmanların sayı 5 min nəfərə yaxındır. Şəhərin əhalisinin qalanı serbdir. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi