Macarıstan və Çin dövlətlər arasındakı hər hansı mübahisənin sülh yolu ilə həll edilməsinin tərəfdarıdırlar və nüvəsi BMT olan beynəlxalq sistemə sadiqliklərini təsdiqləyirlər.
“Report” xəbər verir ki, bu barədə Budapeştdə ÇXR Sədri Si Szinpinin Macarıstan Prezidenti Tamaş Şuyok və Baş nazir Viktor Orban ilə danışıqlarından sonra iki ölkənin qəbul etdiyi birgə bəyanatda deyilir.
Sənəd yeni dövrdə hərtərəfli strateji tərəfdaşlığın yaradılması haqqında Çin-Macarıstan Birgə Bəyanatı adlanır. Qeyd edilir ki, Budapeşt və Pekinin əldə etdiyi nəticələri nəzərə alaraq ikitərəfli münasibətlərin yüksək səviyyəsini belə xarakterizə etmək olar.
Bəyanatda qeyd olunur ki, tərəflər dövlətlər arasında mübahisələrin dialoq və məsləhətləşmələr yolu ilə, dinc həllinin vacibliyini vurğulayırlar. Hər iki tərəf qlobal təhlükəsizliyin və sülhün vacibliyini təsdiqləyir.
Hər iki tərəf Birləşmiş Millətlər Təşkilatının əsasını təşkil edən beynəlxalq sistemi, beynəlxalq hüquqa və beynəlxalq münasibətlərin əsas normalarına, BMT Nizamnaməsinin məqsəd və prinsiplərinə əsaslanan beynəlxalq nizamı birgə müdafiə edəcəklərini, ədalətli beynəlxalq nizamın yaradılması üzərində çalışacaqlarını və bütün dünyada sülhü və sabitliyi qətiyyətlə müdafiə edəcəklərini təsdiqləyirlər.