BMT Təhlükəsizlik Şurasında (TŞ) ABŞ-nin İsrail və Fələstinin HƏMAS hərəkatı arasında atəşkəsə dair yeni təkliflə çıxış etdiyi qətnamə layihəsi üzrə səsvermə iyunun 10-da, günün ikinci yarısında keçiriləcək.
“Report” xəbər verir ki, bu barədə iyun ayında TŞ-də sədr vəzifəsini icra edən Cənubi Koreyanın daimi nümayəndəliyi məlumat yayıb.
ABŞ-nin təklif etdiyi sənəd yeddi bənddən ibarətdir, bunlardan birincisi HƏMAS-ı razılaşmanı qəbul etməyə çağırış, həmçinin sənədin müddəalarını heç bir şərt qoymadan və ya gecikmə olmadan tam şəkildə yerinə yetirməyə çağırışdır.
Bundan əlavə, qətnamə layihəsində vurğulanır ki, atəşkəslə bağlı məsləhətləşmələr altı həftədən çox uzanarsa, o zaman danışıqlar davam etdiyi müddətdə atəşkəs qüvvədə qalacaq. Sənəd həmçinin bütün tərəfləri - BMT-yə üzv olan ölkələri sazişin həyata keçirilməsini dəstəkləməyə çağırır və İsrail ilə Fələstin arasındakı münaqişənin iki dövlət arasında dinc yanaşı yaşama əsasında həllinə sadiqliyini bir daha təsdiqləyir.