Bakı. 5 yanvar. REPORT.AZ/ Qazaxıstanın təşəbbüsü ilə BMT-nin mənzil-qərargahında təşkilat tarixində ilk dəfə Təhlükəsizlik Şurasının yeni seçilən altı qeyri-daimi üzvünün - Kot d`İvuar, Ekvatorial Qvineya, Küveyt, Hollandiya, Peru və Polşanın bayraqlarının qaldırılması ilə əlaqədar təntənəli mərasim keçirilib.
"Report" xəbər verir ki, bu barədə BMT-nin mətbuat xidməti məlumat yayıb.
Bayraqları Qazaxıstanın daimi nümayəndəsi Kayrat Umarov qaldırıb. Mərasimdə Təhlükəsizlik Şuranın altı yeni qeyri-daimi üzvünün hamısının daimi nümayəndələri iştirak ediblər. Onlar bayraqlarını Təhlükəsizlik Şurasının zalında beş daimi üzvün və daha əvvəl seçilmiş dörd qeyri-daimi üzvün bayraqlarının yanında yerləşdiriblər.
K.Umarov bildirib ki, bu yeniliyin - rəsmi mərasimin xüsusi əhəmiyyəti var və bu, şurada illik ənənə halını almalıdır.
Qeyd edək ki, Təhlükəsizlik Şurası 15 üzvdən ibarətdir. Böyük Britaniya, Çin, Fransa, Rusiya və ABŞ Şurasının daimi üzvləridir. 10 qeyri-daimi üzv Baş Assambleya tərəfindən hər il 5 ölkə olmaqla 2 illik müddətə seçilir. Sadəcə, İtaliya və Hollandiya 2017-2018-ci illər üzrə müddəti öz aralarında bölüşdürdüyündən bu il 6 ölkə dəyişib.
Xatırladaq ki, yanvarın 1-dən Təhlükəsizlik Şurasına Qazaxıstan sədrlik edir.