ABŞ-nin Alabama ştatında ilk dəfə olaraq məhbus azot qazı ilə edam olunacaq.
Bu barədə “Report” xarici mətbuata istinadən xəbər verir.
Məlumata görə, azot qazı ilə öldürülməli olan məhbus Kennet Smit əvvəllər zəhərli inyeksiya ilə edamdan çətinliklə xilas olub.
Kennet Smit 1988-ci ildə muzdlu qatil kimi törətdiyi qətlə görə edam olunacaq. Məhkəmənin sənədlərində bildirilir ki, azot qazı ilə edam üsulu ilk dəfə Alabamada sınaqdan keçiriləcək. Lakin edam üsulunun necə tətbiq ediləcəyi ilə bağlı heç bir təfərrüat açıqlanmır.
Daha əvvəl ABŞ Ali Məhkəməsi Smitin vəkillərinin ölüm hökmünə etiraz etmək üçün ikinci dəfə göndərdiyi müraciətə mənfi cavab verib.
Qeyd edək ki, ABŞ-də daha əvvəl sınanmamış edam üsulunu tətbiq etmək istəyən Alabama ştatının müvafiq orqanlarının qərarı müzakirələrə səbəb olub.
Birləşmiş Millətlər Təşkilatının (BMT) ekspertləri bir neçə gün əvvəl Smitin qarşıdan gələn edamı ilə bağlı narahatlıqlarını ifadə edərək, bunun ABŞ-nin də qoşulduğu “BMT İşgəncələrə Qarşı Konvensiya”nın “cəzalarla bağlı” qaydalarına zidd olduğunu bildiriblər.