Avstriya, Polşa və Çexiya Slovakiya ilə sərhədə nəzarət tətbiq edib

Avstriya, Polşa və Çexiya Slovakiya ilə sərhədə nəzarət tətbiq edib Avstriya, Polşa və Çexiya qeyri-qanuni miqrasiyanın qarşısını almaq üçün Slovakiya ilə sərhəddə nəzarət tətbiq etmək qərarına gəlib.
Digər ölkələr
4 Oktyabr , 2023 04:56
Avstriya, Polşa və Çexiya Slovakiya ilə sərhədə nəzarət tətbiq edib

Avstriya, Polşa və Çexiya qeyri-qanuni miqrasiyanın qarşısını almaq üçün Slovakiya ilə sərhəddə nəzarət tətbiq etmək qərarına gəlib.

“Report” TASS-a istinadən xəbər verir ki, tədbir yerli vaxtla gecə yarısı (Bakı vaxtı ilə saat 02:00) qüvvəyə minib.

Polşanın daxili işlər naziri Mariuş Kaminski bildirib ki, ölkə hakimiyyəti Slovakiya ilə sərhəddə müvəqqəti nəzarəti bərpa etmək qərarına gəlib. O vurğulayıb ki, mövcud prosedurlara əsasən, tədbir ilkin olaraq 10 gün müddətinə tətbiq edilir, lakin onun uzadılması ehtimalı yüksəkdir. Nazir bu qərarı Balkan istiqamətində qanunsuz miqrantların axını ilə əsaslandırıb.

Polşa hərbçiləri sərhədçilərə yoxlamaların aparılmasına kömək edəcək. Polşa Sərhəd Mühafizəsinin mətbuat katibi Anna Mixalskaya izah edib ki, sərhədi təsadüfi yoxlamaların aparılacağı 22 keçid məntəqəsində keçmək olar.

Daha sonra Çexiyanın Baş naziri Petr Fiala Slovakiya ilə sərhəddə yoxlamaların bərpa olunduğunu açıqlayıb. O, Avropa İttifaqında qanunsuz qaçqınların sayının yenidən artmağa başladığını vurğulayıb. Siyasətçinin sözlərinə görə, Praqa Varşava ilə hərəkətləri əlaqələndirir. Çexiya polisi Slovakiya ilə bütün sərhəddə yoxlama aparacaq. Sonuncu dəfə Çexiya bu ölkə ilə sərhədlərində 29 sentyabr 2022-ci ildə yoxlama tətbiq edib. Bu, 4 ay davam edib, həmin müddət ərzində 9,6 min qanunsuz miqrant saxlanılıb.

Çərşənbə axşamı Avstriya Daxili İşlər Nazirliyi də bildirib ki, 10 gün müddətinə sərhəd nəzarətinin tətbiqi barədə qərar qəbul edib.

Son xəbərlər

Orphus sistemi