Bakı. 31 yanvar. REPORT.AZ/ Avstraliyanın Melburn şəhər mərkəzində avtomobilin vurduğu piyadalar arasında ölənlərin dayı 6-a çatıb.
"Report"un məlumatına görə, bu barədə "RİA Novosti" xəbər verib.
Agentliyin məlumatına görə, daha 1 nəfər - 33 yaşlı kişi hadisənin altıncı qurbanı olub. Qəza zamanı 9 nəfər xəsarət alıb. Onlardan birinin vəziyyəti ağırdır.
Qeyd edək ki, ilkin məlumatda hadisə zamanı beş nəfərin ölməsi barədə məlumat verilirdi. Bildirilirdi ki, üç nəfər hadisə yerindəcə ölüb, daha iki nəfər xəstəxanada dünyasını dəyişib.
Xatırladaq ki, hadisə yanvarın 20-də, Avstraliyanın Melburn şəhərində tennis üzrə açıq çempionatın keçirildiyi gün baş verib. İyirmi altı yaşlı sürücü idarə etdiyi avtomobillə saatda 60 kilometr sürətlə yarışın keçirildiyi yerə qəsdən daxil olaraq bir neçə nəfəri vurub.
Psixi problemləri olan sürücü əvvəllər narkotik maddələrdən istifadə etmiş, zorakılıq törətmiş şəxs kimi tanınıb. Polis hadisəni terror aktı kimi tanımayıb.
Hadisəni qəsdən törətmiş sürücü həbs edilib və ona qarşı beş nəfərin ölümü faktı ilə bağlı ittiham irəli sürülüb. O, törətdiyi cinayət əməlinə görə azadlıqdan ömürlük məhrum edilə bilər.