Avstraliya polisi “Facebook”da özünütəcrid ilə mübarizə üzrə tədbirlər barədə informasiya dərc edən hamilə qadını həbs edib və onun ailəsinin bütün elektron cihazlarını müsadirə edib.
“Report” “USA Today”ə istinadən xəbər verir ki, bunu artıq milyonlarla istifadəçi tərəfindən baxılan və viruslu hala gələn video sübut edir.
Viktoriya ştatının polisinin verdiyi açıqlamaya görə, 28 yaşlı qadın sosial mediada insanları özünütəcrid rejimini pozmağa təhrik etməkdə ittiham olunur.
“The Guardian” və “Yahoo News”un məlumatına görə, qadının adı Zoi Bülerdir. “The Guardian” yazır ki, o, koronavirus pandemiyası səbəbiylə regionda davam edən təcridə qarşı “Facebook”da etiraz tədbiri təşkil edib. “Etirazçı kütləni dağıdarkən polis təşkilatçılardan bir neçəsini həbs edib”, - nəşr yazır.
“Bu xarakterli istənilən toplaşma səhiyyə sahəsindəki bütün tələbləri kobud şəkildə pozur və ştat sakinlərinin həyatını təhlükə altına salır. Şənbə günü Ballaratda etiraz aksiyasında iştirak etməyi hələ də düşünənlər əmin olsunlar ki, polisin ani və sərt cavabını alacaqlar”, - Viktoriya ştatının polisinin bəyanatında deyilir.
Hazırda ştatda komendant saatı qüvvədədir. Avstraliya Səhiyyə Nazirliyinin məlumatına görə, insanlar gündüz vaxtı evlərini yalnız ilkin zəruri mal və xidmətlər əldə etmək, işə getmək və ya idmanla məşğul olmaq kimi səbəblərdən tərk edə bilərlər.