Argentinada prezidentliyə namizədlərin hər ikisi seçkilərin ikinci turunda qalib gəldiklərinə inanırlar.
“Report” xəbər verir ki, bu barədə TN telekanalı məlumat yayıb.
İqtisadiyyat naziri Serxio Massanın tərəfdarlarının sözlərinə görə, komandası onun kiçik fərqlə qalib gəldiyinə inanır. Eyni zamanda, deputat Xavyer Mileyin komandası onun böyük qələbə qazandığını iddia edir.
Argentina qanunu səsvermə bitdikdən sonra 3 saatdan tez “exit-poll” məlumatlarının dərcini qadağan edir. Seçki məntəqələri yerli vaxtla saat 18:00-da (Bakı vaxtı ilə saat 01:00-red) bağlanıb. Rəsmi nəticələrin saat 21:00-dan sonra (Bakı vaxtı ilə saat 04:00) açıqlanması gözlənilir.
Argentinada prezident seçkilərinin ikinci turunda səsvermədə ən yüksək dövlət postu uğrunda iki namizəd yarışıb. Əsas mübarizə hakim “Vətən naminə birlik” koalisiyasından namizədliyi irəli sürülmüş iqtisadiyyat naziri Serxio Massa və “Azadlıq gəlir” alyansına daxil Libertarian Partiyasının sədri deputat Xavyer Miley arasında gedib.
Seçkilər koronavirus pandemiyası və Argentina tarixindəki ən pis quraqlıqlardan biri fonunda pisləşən iqtisadi böhran şəraitində keçirilib. İlin sonunda ölkədə inflyasiyanın azı 100 % olacağı gözlənilir. Ölkədə yoxsulluğun səviyyəsi 40 faizdir.
Səsvermə 16 yaşdan yuxarı bütün Argentina vətəndaşları üçün məcburidir.
Yeni prezident dekabrın 10-da vəzifəsinin icrasına başlayacaq, onun kim olacağı hələ məlum deyil.