BMT baş katibi: İqlim dəyişiklikləri Mərkəzi Asiyanın iqtisadi inkişafına əhəmiyyətli dərəcədə təsir edə bilər

BMT baş katibi: İqlim dəyişiklikləri Mərkəzi Asiyanın iqtisadi inkişafına əhəmiyyətli dərəcədə təsir edə bilər İqlim böhranının nəticələri, xüsusilə qlobal temperaturun artması, Mərkəzi Asiyanın iqtisadi inkişafına əhəmiyyətli dərəcədə təsir göstərə bilər.
Digər ölkələr
4 aprel 2025 12:17
BMT baş katibi: İqlim dəyişiklikləri Mərkəzi Asiyanın iqtisadi inkişafına əhəmiyyətli dərəcədə təsir edə bilər

İqlim böhranının nəticələri, xüsusilə qlobal temperaturun artması, Mərkəzi Asiyanın iqtisadi inkişafına əhəmiyyətli dərəcədə təsir göstərə bilər.

“Report”un Səmərqəndə ezam olunmuş əməkdaşının məlumatına görə, bunu BMT-nin Baş katibi Antonio Quterriş "Mərkəzi Asiya - Avropa İttifaqı" sammiti çərçivəsində keçirilən Beynəlxalq İqlim Forumunun açılış mərasiminin iştirakçılarına videomüraciətində bildirib.

"Mərkəzi Asiyada qlobal temperatur dəyişikliklərinin yavaşladılması üçün vaxtında tədbirlər görülməsə, bu, gələcəkdə regionun iqtisadi inkişafına əhəmiyyətli dərəcədə təsir edə bilər", - o bildirib.

BMT-nin Baş katibi vurğulayıb ki, qlobal səylər olmadan iqlim dəyişikliyinin nəticələri güclənəcək, ərzaq təchizatı zəncirləri və su təchizatını təhlükə altına alacaq: "Aral dənizinin faciəsi ətraf mühitin dağılmasının insanlara və cəmiyyətlərə necə zərər verdiyinin parlaq nümunəsidir".

A.Quterriş Mərkəzi Asiya ölkələri və qlobal birlik arasında əməkdaşlığa çağırıb.

BMT-nin Baş katibi qlobal temperatur artımını 1,5 dərəcə ilə məhdudlaşdırmaq üçün milli səviyyədə müəyyən edilən töhfələrin (NDC) həyata keçirilməsinin vacibliyini vurğulayıb. O, həmçinin qeyd edib ki, G20 bu prosesdə liderliyi öz üzərinə götürməlidir. 

Bundan əlavə, Baş katib bütün ölkələri iqlim dəyişikliyi ilə mübarizənin maliyyələşdirilməsi üzrə öhdəliklərin yerinə yetirilməsini təmin etmək üçün birgə fəaliyyət göstərməyə çağırıb və 1,3 trilyon ABŞ dolları məbləğində maliyyələşdirmə hədəfinə çatmağın vacibliyini xatırladıb.

"İnkişaf etmiş ölkələr uyğunlaşma üçün ildə azı 40 milyard dollar ayırmaq vədini yerinə yetirməlidirlər", - A.Quterriş bildirib.

Onun sözlərinə görə, iqlim dəyişikliyinə qarşı həssas olan ölkələrə dəstəyi gücləndirmək lazımdır ki, onlara itkilər və zərərlə mübarizə aparmaqda kömək edilsin: “Avropa İttifaqı Mərkəzi Asiya regionunu "yaşıl iqtisadiyyat"a keçid və iqlim dəyişikliyi ilə bağlı məsələlərdə fəal şəkildə dəstəkləyir”

Son xəbərlər

Orphus sistemi