Almaniyada koronavirusa yoluxanların sayı son sutka ərzində daha 249 nəfər artıb.
“Report” RİA “Novosti”yə istinadən xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyinin strukturuna daxil olan və COVID-19 xəstəliyinin statistikasını aparan Robert Kox İnstitutu bildirib.
İnstitutun məlumatına görə, bununla da ölkədə koronavirusa yoluxanların sayı 201 823 nəfərə çatıb. Qeyd edilir ki, bu günədək COVID-19-dan 9 086 nəfər vəfat edib. Eyni zamanda virusa yoluxmuş təxminən 187,8 min nəfər sağalıb.
Virusa ən çox yoluxma Bavariyada qeydə alınıb. Burada 49 775 nəfərin koronavirus testi müsbət olub. Şimali Reyn-Vestfaliyada 46 075 nəfər, Baden-Vyurtemberqdə 36 342 insan COVID-19-a yoluxub. Paytaxt Berlində təhlükəli infeksiyaya 8 779 yoluxma aşkarlanıb.
Təhlükəli koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 213 ölkə və bölgədə qeydə alınıb.