Almaniyalı fermerlər yanvarın 8-də ölkə boyu tətil keçirirlər və hökumətin iqtisadi tədbirlərinə etiraz olaraq bir sıra avtobanları traktorlarla bağlayıblar.
“Report” xəbər verir ki, bu barədə yerli polis idarələri “X” sosial şəbəkəsində məlumat yayıb.
Hüquq-mühafizə orqanlarının əməkdaşları ilə razılaşdırılmış etiraz aksiyası zamanı Saksoniya federal torpağında fermerlər avtobanları traktorlarla bağlayıblar.
Demək olar ki, bütün federal torpaqlarda etirazlar keçirilir. Bavariya polisinin məlumatına görə, hüquq-mühafizə orqanlarının əməkdaşları hazırda Bavariyanın müxtəlif yerlərindən Münhenə gedən 5500-ə yaxın traktoru müşayiət edirlər.
Berlində bir neçə yüz traktorun yığılması nəticəsində Brandenburq qapısının qarşısındakı mərkəzi küçələrdən birinə giriş bağlanıb.
Xatırladaq ki, ötən ilin dekabrında Almaniya hökuməti büdcə böhranı fonunda dizel yanacağı üçün subsidiyaları ləğv etmək planlarını açıqlayıb. Bununla büdcə 440 milyon avro gəlir əldə edəcək. Bundan başqa, meşə və kənd təsərrüfatında istifadə edilən nəqliyyat vasitələrinin güzəştli vergisinin ləğvi də nəzərdə tutulur və bu da büdcəyə daha 480 milyon avro qənaət etməyə imkan verəcək.
Bu planların açıqlanmasından sonra bütün Almaniyada fermerlərin çoxsaylı etiraz aksiyaları keçirilib.