"Bu gün işinə başlayan Münhen Təhlükəsizlik Konfransı Avropa İttifaqı (Aİ) ölkələrinin qlobal dünya nizamına sadiqliyini təsdiq edəcək".
“Report” xəbər verir ki, bu barədə Avropa Komissiyasının (AK) sədri Ursula fon der Lyayen tviter səhifəsində yazıb.
O bildirib ki, Rusiyanın bizim qitədə müharibəyə başlamasından, təxminən, bir il keçir: "Münhen Konfransı gücün yox, qanunun aliliyinə əsaslanan qlobal nizama sadiqliyimizi bir daha təsdiq edəcək”.
Onun sözlərinə görə, qarşıdakı iki gündə aparılacaq fikir mübadilələrini və keçiriləcək görüşləri səbirsizliklə gözləyir.
Xatırladaq ki, bu gün Almaniyada 59-cu Münhen Təhlükəsizlik Konfransı işinə başlayıb.
Konfransa Azərbaycan Prezidenti İlham Əliyev, NATO-nun Baş katibi Yens Stoltenberq, Avropa Komissiyasının rəhbəri Ursula fon der Lyayen, Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel, ABŞ dövlət katibi Entoni Blinken, Böyük Britaniyanın Baş naziri Rişi Sunak, Almaniya kansleri Olaf Şolts və başqaları iştirak edirlər.