Avropa İttifaqının (Aİ) dövlət və hökumət başçıları Xorvatiyanın Şengen zonasına daxil olmasını təsdiqləyib və ümidvar olduqlarını bildiriblər ki, Bolqarıstan və Rumıniya 2023-cü ildə buna nail ola biləcəklər.
"Report" TASS-a istinadən xəbər verir ki, bunu Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel Aİ-nin Brüsseldəki sammitindən sonra keçirilən mətbuat konfransında deyib.
"Biz Xorvatiyanın Şengen zonasına daxil olmasını təsdiqləmişik. Ümid edirik ki, Bolqarıstan və Rumıniya 2023-cü ildə Şengenə qoşulacaq", - o deyib.
Avropa Komissiyasının rəhbəri Ursula fon der Lyayenin sözlərinə görə, AK Bolqarıstan və Rumıniyanın ən qısa zamanda Şengenə qoşulmasını təmin etmək üçün əlindən gələni edəcək.
Aİ-nin Daxili İşlər və Ədliyyə Şurasının dekabrın 8-də Brüsseldə keçirilən iclasında Xorvatiyanın Şengen zonasına qoşulması təsdiqlənib, Rumıniya və Bolqarıstanın müraciətləri isə Avstriya və Niderlandın səsləri ilə rədd edilib.