Aİ XİN rəhbərləri Rusiyaya qarşı növbəti sanksiya paketi ilə bağlı razılığa gəlməyə bilər

Digər ölkələr
  • 23 fevral, 2026
  • 14:06
Aİ XİN rəhbərləri Rusiyaya qarşı növbəti sanksiya paketi ilə bağlı razılığa gəlməyə bilər

Avropa İttifaqının (Aİ) Xarici İşlər Nazirləri Şurası bugünkü iclasında Rusiyaya qarşı 20-ci sanksiyalar paketinin qəbulu və Ukraynaya 90 milyard avro məbləğində kreditin verilməsi məsələsində çətin ki, irəliləyiş əldə etsin.

"Report"un yerli bürosunun məlumatına görə, bu barədə Avropa diplomatiyasının rəhbəri Kaya Kallas iclasa gəlişi zamanı bəyan edib.

"Sabah bu dəhşətli müharibənin başlanmasının dörd ili tamam olur. Əlbəttə, 20-ci sanksiyalar paketi müzakirə olunacaq. Düşünürəm ki, bu gün bu məsələdə irəliləyiş olmayacaq. Lakin biz mütləq bu məsələ üzərində israr edəcəyik", - K.Kallas bildirib.

Onun sözlərinə görə, sanksiyaların qəbul edilməsi və qərarı bloklayan ölkələri öz mövqelərini yenidən nəzərdən keçirməyə inandırmaq üçün bütün səylər göstəriləcək.

K.Kallas vurğulayıb ki, Macarıstanın qaldırdığı məsələlər 20-ci sanksiyalar paketi ilə əlaqəli deyil: "Biz bir-biri ilə heç bir əlaqəsi olmayan şeyləri bir-birinə bağlamamalıyıq. Amma gəlin dinləyək ki, onlar vetonun səbəblərini necə izah edirlər, sonra isə bu məsələni aradan qaldırmağın imkanlarının olub-olmadığına baxaq".

Aİ-nin diplomatiya rəhbəri əlavə edib ki, müvafiq məsələlər Macarıstan və digər üzv dövlətlərlə müzakirə olunur: "Mən üzv dövlətlərlə danışdım, onlar da bu məsələni qaldıracaq və onu bloklayanlara təsir edəcəklər".