Avropa İttifaqı (Aİ) ölkələrinin əhalisi 2024-cü il yanvarın 1-nə olan məlumata görə, 449,2 milyon nəfər olub.
“Report” xəbər verir ki, bu barədə Aİ-nin statistika idarəsi (Eurostat) məlumat yayıb.
Bir il əvvəl əhalinin sayının 447,6 milyon nəfər olduğunu qeyd edən idarə ardıcıl ikinci ildir artım olduğunu vurğulayıb. “COVID-19 pandemiyasının nəticələri ilə əlaqədar əvvəlki iki ildəki azalmadan sonra ardıcıl ikinci il artım qeydə alınıb. 2020-ci ildə əhalinin sayı təxminən 0,5 milyon nəfər, 2021-ci ildə isə təxminən 0,3 milyon nəfər azalmışdı”, - “Eurostat”dan bildirilib.
Qeyd olunur ki, son dövrlərdə əhalinin artımı əsasən miqrasiya axınlarının artması ilə bağlıdır: “Əhalinin təbii azalması (doğulanlardan çox ölüm hallarının olması) müsbət xalis miqrasiya ilə kompensasiya edilib”.
Statistikaya görə, Almaniya, Fransa və İtaliyanın əhalisi birlikdə 2024-cü il yanvarın 1-nə Aİ-nin ümumi əhalisinin demək olar yarısını – 47 faizini təşkil edib.
Məlumata görə, ötən il Aİ-nin 7 ölkəsində əhalinin azalması faktı qeydə alınıb, ən çox azalma Polşada (132,8 min nəfər), Yunanıstanda (16,8 min nəfər) və Macarıstanda (15,1 min nəfər) qeydə alınıb. Əhalinin sayında ən çox artım isə İspaniyada (525,1 min nəfər), Almaniyada (330 min nəfər) və Fransada (229 min nəfər) baş verib.