ABŞ prezidentinin milli təhlükəsizlik üzrə müşaviri Ceyk Sallivan son aylar ərzində Rusiya prezidentinin beynəlxalq məsələlər üzrə köməkçisi Yuri Uşakov və Rusiya Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşevlə konfidensial danışıqlar aparır.
“Report” xəbər verir ki, bu barədə “The Wall Street Journal” mənbələrə istinadən yazır.
Qəzet bildirib ki, danışıqlar zamanı Ukraynada münaqişənin genişlənməsinin qarşısının alınması, nüvə silahından istifadənin yolverilməzliyi, eləcə də ABŞ və Rusiya arasında açıq kommunikasiya kanallarının saxlanması məsələləri müzakirə olunub.
Bildirilib ki, Ukraynadakı vəziyyətin nizamlanması müzakirə olunan məsələlərin sırasında olmayıb. Nəşr qeyd edib ki, Sallivanın Rusiya ilə əlaqə qurmaq istəyi ABŞ-ın digər yüksək vəzifəli siyasi xadimləri tərəfindən dəstəklənmir.
Bundan əvvəl “The Wall Street Journal” mənbələrə istinadən yazıb ki, Qərb ölkələrinin nümayəndələri Ukrayna və Rusiya arasında sülh sazişinin şərtlərini təkbətək müzakirə edirlər.