ABŞ Nümayəndələr Palatasının respublikaçı üzvü Endi Ogls konstitusiyaya düzəlişlə bağlı təklif irəli sürüb.
“Report” xəbər verir ki, bu barədə CNBC telekanalı məlumat yayıb.
Bu düzəliş hazırkı Prezident Donald Trampa üçüncü prezidentlik müddətinə namizədliyini irəli sürməyə imkan verəcək.
"Cozef Bayden administrasiyasının seçdiyi fəlakətli kursun düzəldilməsi üçün Prezident Trampı lazım olan bütün resurslarla təmin etməyimiz son dərəcə vacibdir", - onun bəyanatında bildirib.
Konqresmen bildirib ki, Tramp tənəzzülü geri çevirmək və ABŞ-ni yenidən əzəmətli etmək qabiliyyətinə malik müasir tarixin yeganə fiquru olduğunu sübut edib:
“Bunun üçün Trampa iki prezidentlik müddətindən daha çox vaxt lazımdır”.
"Mən 22-ci düzəlişlə prezidentlik müddətlərinə qoyulan məhdudiyyətlərə yenidən baxmaq üçün konstitusiyaya düzəliş etməyi təklif edirəm. Bu düzəliş Prezident Trampa üç müddət vəzifədə qalmağa imkan verəcək. Millətimizin bu qədər ehtiyac duyduğu cəsur rəhbərliyi qoruyub saxlaya biləcəyimizə zəmanət verəcək", - E.Ogls bildirib.
Təklif olunan dəyişikliyə əsasən, əgər bir şəxs ardıcıl olaraq iki dəfə prezident olmayıbsa, onun üçüncü prezident müddətinə namizədliyini irəli sürmək hüququ var.
Hazırda ABŞ Konstitusiyasına iyirmi ikinci düzəliş ABŞ Prezidentinin idarəetmə müddətinə məhdudiyyət qoyur və eyni şəxsin bu vəzifəni iki müddətdən artıq tuta bilməyəcəyi (ardıcıl və ya fasilə ilə olmasından asılı olmayaraq) qaydasını təsbit edir.
Əgər prezident sələfinin ölümü, istefası, fəaliyyət qabiliyyətini itirməsi və ya impiçmenti səbəbindən vəzifəsinin icrasına vitse-prezident postundan başlayıbsa, 2 il və daha çox müddət tam müddətə bərabər tutulur ki, bu da Lindon Consona 1968-ci ildə namizədliyini irəli sürməyə imkan verib.
Düzəliş Konqres tərəfindən 1947-ci il martın 21-də qəbul edilib və 1951-ci il fevralın 27-də lazımi sayda ştat tərəfindən ratifikasiya edilib.