Aprelin 26-da 20 ölkədən olan nümayəndə Ukraynaya hərbi yardımla bağlı ABŞ-ın təşkil etdiyi məsləhətləşmələrdə iştirak edəcək.
“Report” xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Pentaqonun sözçüsü Con Kirbi bildirib.
Görüş Almaniyada, ABŞ Hərbi Hava Qüvvələrinin Ramştayn bazasında baş tutacaq, onu ABŞ-ın müdafiə naziri Lloyd Ostin keçirəcək.
Pentaqonun sözçüsü brifinqdə bildirib ki, 40 ölkəyə dəvət göndərilib və onlardan 20-si iştirakını təsdiqləyib. Kirbi qeyd edib ki, görüşdə həmçinin Ukraynanın hərbi sferasının modernləşdirilməsi də müzakirə olunacaq. Onun sözlərinə görə, təhlükəsizlik təminatları müzakirə edilməyəcək.
Bildirilib ki, tədbir NATO-ya üzv ölkələrin qatılması ilə məhdudlaşmadığından Alyansdankənar dövlətlərin də iştirakı istisna edilmir.
Almaniyanın “Bild” nəşrinin yazdığına görə, müzakirələr üç mövzu ətrafında aparılacaq: Ukraynada döyüş meydanlarındakı mövcud vəziyyət; Rusiyanın hərbi hücumlarını dəf etmək üçün Ukraynaya lazım olan silah təchizatı; Rusiya qoşunlarının ölkədən çıxarılması halında müharibədən sonrakı nizam.