Bakı. 10 mart. REPORT.AZ/ Ukrayna Nazirlər Kabineti Klubunda Millətlərarası Razılıq Şurasının toplantısı keçirilib. "Report" Birləşmiş Ukrayna Azərbaycanlıları Konqresinə (BUAK) istinadən xəbər verir ki, iclasda vətəndaş cəmiyyətlərinin fəaliyyəti, həmçinin irqi və milli ayrı-seçkiliklə mübarizə məsələləri müzakirə olunub.
Qeyd olunur ki, Şuranın iclasında Ukrayna baş nazirinin müavini və mədəniyyət naziri Vyaçeslav Kirilenko, etnik və milli siyasət məsələləri üzrə müvəkkil Gennadi Druzenko, nazirlik və idarələrin nümayəndələri, milli azlıq təşkilatlarının liderləri, ictimai xadimlər, Ukrayna Millətlər Assambleyasının sədri və Birləşmiş Ukrayna Azərbaycanlıları Konqresinin prezidenti Rövşən Tağıyev və başqaları iştirak ediblər.
Tədbirdə Assambleyanın tərkibində Dünya diasporu (ABŞ) və Avropa Milli Azlıqlar Birliyinin (FUEN, Almaniya) beynəlxalq fəaliyyəti qeyd olunub.
Bununla yanaşı, irqi və milli ayrı-seçkilik, ksenofobiya, antisemitizm əlamətlərinin qarşısının alınmasına da xüsusi diqqət ayrılıb.
Rövşən Tağıyev öz çıxışında Ukrayna Millətlər Assambleyasının il ərzində fəaliyyətinin yekunları haqqında danışıb. Onun sözlərinə görə, əməkdaşlığın nəticəsi kimi Ukraynaya dünyanın müxtəlif nöqtələrindən qeyri-hökumət təşkilatları tərəfindən əməli yardım göstərilib.
BUAK rəhbəri həmçinin qeyd edib ki, təşkilatın fəaliyyətinin mühüm istiqamətlərindən biri ATƏ-nin keçirildiyi zonada insanlara humanitar yardımın göstərilməsidir.
R.Tağıyev həmçinin Ukraynada sülh və həmrəyliyin qorunması üçün vətəndaş cəmiyyətinin birləşməsinin vacibliyini vurğulayıb.
Ukrayna baş nazirinin müavini Vyaçeslav Kirilenko isə öz növbəsində qeyd edib ki, Assambleyanın fəaliyyəti öz varlığını əməli işilə sübut edən ictimai təşkilatın real fəaliyyətinin təcəssümüdür. O, bütün iclas iştirakçılarının suallarına cavab verib və qeyd olunan problemlərin həllində yardımçı olacağını vəd edib.