Ukraynada nüfuz sahibi olan azərbaycanlılar - cərrah, polkovnik, idmançı...

Ukraynada nüfuz sahibi olan azərbaycanlılar - cərrah, polkovnik, idmançı... Bir ildən çoxdur Rusiyanın hücumu fonunda genişmiqyaslı müharibə yaşanan Ukrayna dünyanın diqqət mərkəzindədir. Bu ölkədə yaşayan sadə azərbaycanlıların humanitar yardımlarda fəallığı, Ukrayna vətəndaşı olan azərbaycanlıların döyüşlərdə xüsusi igidliyi mü
Diaspor
6 Mart , 2023 13:54
Ukraynada nüfuz sahibi olan azərbaycanlılar - cərrah, polkovnik, idmançı...

Bir ildən çoxdur Rusiyanın hücumu fonunda genişmiqyaslı müharibə yaşanan Ukrayna dünyanın diqqət mərkəzindədir. Bu ölkədə yaşayan sadə azərbaycanlıların humanitar yardımlarda fəallığı, Ukrayna vətəndaşı olan azərbaycanlıların döyüşlərdə xüsusi igidliyi mütəmadi diqqət çəkir.

“Report”un Şərqi Avropa bürosu Ukraynada müxtəlif sahələrdə statuslara malik həmyerlilərimizlə bağlı reportajları davam etdirir.

60 ildən çoxdur Ukraynada yaşayan tibb elmləri doktoru, cərrah Məmməd Mansur oğlu Bağırov bu ölkədə döş-qəfəs cərrahiyyəsi sahəsində yüksək nüfuza malikdir. O, alim-cərrah kimi Ukraynadan Avropanın bir sıra ölkələrində əməliyyatlara da dəvət alır.

Uzun illərdir Ukraynada fəaliyyət göstərdiyini bildirən həkim müxtəlif ölkələrdə məruzələrdə çıxış etdiyini söyləyib:

"Bizim Kiyevdəki klinikanın keçirdiyi əməliyyatlar Yaponiyanın bu sahə üzrə ümumi keçirdiyi əməliyyatlardan çoxdur. ABŞ-dan, Yaponiyadan, ərəb ölkələrindən xəstələrim olur”.

Professor M.Bağırov bildirib ki, hazırkı müharibə dövründə istər tibbi, istərsə də qeyri-tibbi imkanları ilə insanlara yardımlarda iştirak edir.

Polkovnik Mürşüd Xanbaba oğlu Xəlilov isə 30 ildən çoxdur Ukraynada yaşayır və bu ölkənin hüquq-mühafizə orqanlarında yüksək vəzifədə çalışıb. Ölkənin müxtəlif cəzaçəkmə müəssisələrinin rəisi, ardınca isə Ukrayna Dövlət Təhlükəsizliyi Xidmətinin İdarə rəisi olub. Hazırda Ukrayna Təhlükəsizlik Xidməti veteranları Birliyi İdarə Heyətinin üzvüdür. Onun Ukraynanın hüquq-mühafizə orqanlarında xüsusi nüfuzu var:

“Hazırda mən öz əlaqələrimdən istifadə edib əsgərlərə paltar və digər yardımların gətirilməsində fəal iştirak edirəm”.

Pərviz Nəsibov isə Ukraynanın idman sahəsində ən populyar simalarındandır. Ukraynanın güləş üzrə "Tokio-2020" Olimpiya Oyunlarında təmsil edən və II yeri qazanan P.Nəsibov Ukrayna Prezidenti Volodimir Zelenski tərəfindən də mükafatlandırılıb.

“Tokio Olimpiya Oyunlarının gümüş mükafatçısı, Avropa çempionu, Dünya çempionatının gümüş mükafatçısıyam. Beynəlxalq arenada Ukraynanı təmsil edirəm. Azərbaycanın Ağstafa rayonunun Muğanlı kəndində anadan olmuşam, 6 yaşına qədər Azərbaycanda yaşamışam. 12 il əvvəl isə ailəm Ukraynaya köçüb. Bu ölkədə mənim idman karyeram davam edib. Hazırda Xorvatiyanın paytaxtı Zaqrebdə aprelin əvvəlində keçiriləcək Avropa çempionatına hazırlaşıram. İlk yarışıma 22 yaşımda çıxdım və gümüş medal qazana bildim. Ukrayna Prezidenti Volodimir Zelenskinin qəbulunda olmuşam. Görüşdə ona azərbaycanlı olduğumu, Azərbaycanda böyüyüb boya-başa çatdığımı söylədim, azərbaycanların ona və Ukraynaya münasibətindən danışdım”.

Son xəbərlər

Orphus sistemi