Sentyabrın 19-da Gürcüstanın Marneuli rayonunda fəaliyyət göstərən “Azərbaycan Evi"ndə “TİKA”nın dəstəyi ilə yeni və yüksək texnoloji avadanlıqlarla təchiz edilən "Robotik” kompüter otağının açılışı olub.
“Report”un Gürcüstan bürosu xəbər verir ki, açılış mərasimində Azərbaycan Diasporuna Dəstək Fondunun (ADDF) icraçı direktoru Əkrəm Abdullayev, Azərbaycanın Gürcüstandakı səfiri Faiq Quliyev, Türkiyənin Gürcüstandakı səfiri Ali Kaan Orbay, Türk Əməkdaşlıq və Koordinasiya Agentliyinin (TİKA) vitse-prezidenti Ümit Naci Yorulmaz, Marneuli bələdiyyəsinin meri Kənan Ömərov, “TİKA”nın Gürcüstan nümayəndəliyinin rəhbəri Tuba Özütok və digər bir sıra rəsmi qonaqlar iştirak ediblər.
Rəmzi lenti kəsən rəsmilər daha sonra “Robotik” kompüter otağına baxış keçirib burada yaradılan şəraitlə yaxından tanış olublar.
Gürcüstan Azərbaycanlılarının İnteqrasiya Mərkəzinin icraçı direktoru Murad Muradov bildirib ki, “Robotik” kompüter otağı TİKA-nın maliyyə yardımı ilə tam texnoloji avadanlıqla təmin olunub. Burada hər mərhələdə 50-dən çox gənc informasiya kommunikasiya texnologiyaları üzrə biliklər əldə edəcəklər.
Ə.Abdullayev Azərbaycanın Qarabağ iqtisadi rayonunda həyata keçirilmiş lokal antiterror tədbirləri barədə məlumat verib, şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Ə.Abdullayev dünyanın hər bir ölkəsində Azərbaycan və türk diaspor təşkilatlarının Ulu Öndərimizin “Bir millət, iki dövlət” kəlamını əldə rəhbər tutaraq birgə fəaliyyət göstərdiklərini, Gürcüstanda belə bir otağın açılmasını qardaşlığımızın bariz nümunəsi olduğunu bildirib.
F.Quliyev XXI əsrin kompüter əsri olduğunu və yeniyetmələrin bu sahədə yeni biliklər əldə etmələrinin vacib olduğunu qeyd edib. Diplomat yardıma görə, qardaş Türkiyə dövlətinə və TİKA rəhbərliyinə təşəkkür edib.
Qonaqlar “Azərbaycan Evi”nin və İnteqrasiya Mərkəzinin rəhbərliyinə fəaliyyətlərində uğurlar arzulayıb, yaradılan şəraitə görə TİKA rəhbərliyinə minnətdarlıq ediblər.