Laçında “Gənclər Yaşıl Dünya Naminə” Diaspor Gənclərinin V Yay Düşərgəsinin açılış mərasimi keçirilib - YENİLƏNİB

Laçında “Gənclər Yaşıl Dünya Naminə” Diaspor Gənclərinin V Yay Düşərgəsinin açılış mərasimi keçirilib - YENİLƏNİB Laçın şəhərində “Gənclər Yaşıl Dünya Naminə” Diaspor Gənclərinin V Yay Düşərgəsinin açılış mərasimi keçirilib.
Diaspor
2 Avqust , 2024 12:27
Laçında “Gənclər Yaşıl Dünya Naminə” Diaspor Gənclərinin V Yay Düşərgəsinin açılış mərasimi keçirilib - YENİLƏNİB

Laçın şəhərində “Gənclər Yaşıl Dünya Naminə” Diaspor Gənclərinin V Yay Düşərgəsinin açılış mərasimi keçirilib.

"Report"un Laçına ezam olunmuş əməkdaşı xəbər verir ki, Diasporla İş üzrə Dövlət Komitəsi və Heydər Əliyev Fondunun birgə təşkilatçılığı ilə keçirilən düşərgə avqustun 7-nə qədər davam edəcək.

Yay düşərgəsində dünyanın 60 ölkəsindən gələn 115 gənc iştirak edir. Onlar arasında xaricdə yaşayan azərbaycanlılarla yanaşı Azərbaycana dost münasibət bəsləyən digər xalqların nümayəndələri də yer alır.

Tədbirdə çıxış edən Laçın rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Məsim Məmmədov qeyd edib ki, növbəti mərhələdə Laçın sakinlərinin Güləbird kəndinə köçürülməsinə başlanılacaq: "Kəndə köç bu ilin ikinci yarısında həyata keçiriləcək. Həmçinin yaxın vaxtlarda rayonun Qorçu, Şəlvə, Ərikli və digər kəndlərinin də tikintisinə başlanılacaq. Laçın ən uzun müddət işğal altında olmuş rayonumuzdur. Hazırda Laçın cənnətməkana çevrilib. Keçən ilin mayın 28-də ilk sakinlər Laçına qayıdıb. Laçın şəhərində iki mindən, Zabux və Susda isə mindən çox sakin məskunlaşıb. Sakinlərin köçürülməsi prosesi bundan sonra da davam etdiriləcək".

Prezident Administrasiyasının Humanitar siyasət, diaspor, multikulturalizm və dini məsələlər şöbəsinin müdiri Fərəh Əliyeva isə söyləyib ki, gənclər bütün ölkələrdə aparıcı qüvvədir: "Artıq ən yüksək amallar gənclər tərəfindən həyata keçirilir. Gənclərimiz xarici ölkələrdə yaşayır, təhsil alır. İnsanın ən böyük hüququ yaşamaq hüququdur. Hüququndan keçən əsgərlərimiz torpaq uğrunda ölümə getdilər. Siz bunları bilməli və gələcək nəsillərə ötürməlisiniz".

Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov çıxışı zamanı vurğulayıb ki, Azərbaycan əleyhinə təbliğatlar getdikcə artacaq: "Bu gün Azərbaycana qarşı ikili standartlar var. Gənclər də yaşadıqları ölkələrində ətraflarını bu barədə məlumatlandırmalıdırlar. Azərbaycanın xüsusi təbliğata ehtiyacı yoxdur, reallıqları çatdırmağınız kifayətdir. Dünyada 300-dən çox diaspor təşkilatımız fəaliyyət göstərir. Ancaq bu o demək deyil ki, hamısının işi səmərəlidir. Ona görə də gəncləri diaspor fəaliyyətinə daha çox diqqət göstərməyə çağırıram".

Heydər Əliyev Fondunun nümayəndəsi Elvin Aslanov isə gənclərin inkişafına xüsusi önəm verdiklərini söyləyib:

"Laçında keçirilən bu düşərgə xüsusi əhəmiyyət daşıyır. Bu ərazilər Azərbaycan Ordusunun qəhrəmanlığı hesabına azad edilib. Ümid edirəm ki, düşərgədə qazandığınız təcrübə Azərbaycanın dünyada daha yaxşı tanıdılmasına öz töhfəsini verəcək".

Çıxışlardan sonra tədbirin rəsmi hissəsi başa çatıb.

10:57

Laçın şəhərində “Gənclər Yaşıl Dünya Naminə” Diaspor Gənclərinin V Yay Düşərgəsinin açılış mərasimi keçirilir.

"Report"un Laçına ezam olunmuş əməkdaşı xəbər verir ki, Diasporla İş üzrə Dövlət Komitəsi və Heydər Əliyev Fondunun birgə təşkilatçılığı ilə keçirilən düşərgə avqustun 7-nə qədər davam edəcək.

Yay düşərgəsində dünyanın 60 ölkəsindən gələn 115 gənc iştirak edir. Onlar arasında xaricdə yaşayan azərbaycanlılarla yanaşı Azərbaycana dost münasibət bəsləyən digər xalqların nümayəndələri də yer alır.

Düşərgə iştirakçıları üçün bir həftə ərzində Laçının, eləcə də Qarabağın tarixi-mədəni abidələri ilə tanış olmaq, şəhid ailələrinin üzvləri və qazilərlə, həmçinin müxtəlif sahələr üzrə ekspertlərlə görüşmək, maraqlı panel və seminarlarda iştirak etmək, eləcə də əylənmək və intellektual oyunlar oynamaq nəzərdə tutulub. Bunlarla yanaşı, düşərgə müddətində gənclərin “İslimi” Xalçaçılıq mərkəzinə, “Gilabi Ceramics” mərkəzinə, “Həkəri Balıq Təsərrüfatı”na, “Hoçazfilm” yaradıcılıq studiyasına, Zabux kəndinə, Şuşa və Qarabağın bir neçə digər şəhərlərinə səfərlərinin təşkili planlaşdırılır.

Yay düşərgələri xaricdəki yeni nəsil azərbaycanlıların ölkələri ilə bağlarını daha da möhkəmləndirmələri, Azərbaycanı uğurla təmsil etmək bacarıqlarını inkişaf etdirmələri, şəbəkələşmələri, yeni dostlar qazanmaları üçün fürsət təqdim edir.

Düşərgədə iştirak xərcləri isə təşkilatçılar tərəfindən tam şəkildə qarşılanır.

Xatırladaq ki, Diasporla İş üzrə Dövlət Komitəsi və Heydər Əliyev Fondunun birgə təşkilatçılığı ilə bu günə kimi Diaspor gənclərinin Şəki, Şamaxı, Şuşa və Naxçıvan şəhərlərində 4 yay düşərgəsi təşkil olunub. Dünyanın 50-dən çox ölkəsində yaşayan yüzlərlə gənc həmin düşərgələrdə iştirak edib.

Foto: Samirə Həsənova

Son xəbərlər

Orphus sistemi