Kaxa Kaladze: “Tbilisinin görkəmli azərbaycanlıların adını daşıyan küçələri abadlaşdırılacaq”

Kaxa Kaladze: “Tbilisinin görkəmli azərbaycanlıların adını daşıyan küçələri abadlaşdırılacaq” Bu məsələ Gürcüstan paytaxtının yenidən qurulması və bərpası layihəsində əksini tapıb
Diaspor
16 Yanvar , 2018 09:59
Kaxa Kaladze: “Tbilisinin görkəmli azərbaycanlıların adını daşıyan küçələri abadlaşdırılacaq”

Tbilisi. 16 yanvar. REPORT.AZ/ Gürcüstan paytaxtı Tbilisi şəhərinin yenidən qurulması və bərpası layihəsi hazırlanıb.

“Report”un Gürcüstan bürosu xəbər verir ki, şəhər meri Kaxa Kaladze yeni layihəni ictimaiyyətə təqdim edib.

Tbilisidə Azərbaycanın və Gürcüstanın ictimai-siyasi həyatında, iki xalqın mədəniyyətinin inkişafında xüsusi rolu olmuş görkəmli azərbaycanlıların adlarını daşıyan küçələr də var. Hazırlanan layihədə həmin küçələrin abadlaşdırılması, adları bildirən lövhələrin, bir sıra barelyeflərin yenilənməsi, eləcə də bəzi küçə adlarının dəyişidirilməsi məsələləri də əksini tapıb.

Kaxa Kaladze “Report”un Gürcüstan bürosuna açıqlamasında deyib ki, paytaxtın əvvəlki nüfuzunu, tarixiliyini özünə qaytarmaq üçün yeni planlar hazırlanıb. Plana əsasən paytaxtın yolları genişləndiriləcək, lakin, bu zaman köhnə binalar, mədəni abidələr, tarixi əhəmiyyətli tikililər qorunub saxlanılacaq.

Mer Tbilisidəki görkəmli azərbaycanlıların adlarını daşıyan küçələrlə bağlı fikirlərini açıqlayıb: “Biz görkəmli azərbaycanlıların adlarını daşıyan küçələrdəki lövhələri dəyişməklə yanaşı, həmin küçə və əraziləri də abadlaşdıracağıq. Bəzi küçələrdə görkəmli azərbaycanlıların barelyefləri də var. Onların bəziləri sınıb, yararsız hala düşüb. Həmin lövhələr də yenilənəcək”.

K.Kaladze bəzi küçə adlarının dəyişdirilməsi məsələsinə də aydınlıq gətirib: “Layihədə bəzi küçələrin adlarının dəyişdirilməsi və ya yeni adların verilməsi məsələləri də var. Amma azərbaycanlıların adlarını daşıyan küçələrin adlarının dəyişdirilməsi nəzərdə tutulmayıb”.

O, həmçinin, paytaxtdakı “Bakı” küçəsinin təmiri və abadlaşdırılması məsələsinin də layihədə əksini tapdığını vurğulayıb.

Qeyd edək ki, hazırda Tbilisidə “Bakı”, Mirzə Şəfi Vazeh, Mirzə Fətəli Axundzadə, İbrahim İsfahanlı, Nizami Gəncəvi, Əhməd Cavad, Mirhəsən Vəzirov və digər azərbaycanlı mütəfəkkirlərin adlarını daşıyan küçələr var. Tbilisiyə yaxın Poniçala (Soğanlıq) qəsəbəsində isə Rəşid Behbudovun adına küçə mövcuddur.

M.Ş.Vazeh, M.F.Axundzadə, İ.İsfahanlı və R.Behbudovun həyat və yaradıcılığı Gürcüstan, xüsusən də Tbilisi ilə sıx bağlı olub.

Tbilisi şəhər merinin müavini İlya Eloşvili də “Report”un Gürcüstan bürosuna açıqlamasında azərbaycanlıların adını daşıyan küçələrin abadlaşdırılması məsələsinə toxunub: “Azərbaycan bizə dost və qardaş ölkədir. Bizim oxşar mədəniyyətlərimiz və çalarlarımız var. Bir sıra azərbaycanlı mütəfəkkirlər Tbilisidə çalışıb, yazıb-yaradıblar. Onların adını daşıyan küçələrin abadlaşdırılması məsələsi layihədə öz əksini tapıb. Düşünürəm ki, bu küçələrin adlarının dəyişdirilməsinə ehtiyac yoxdur”.

Tbilisi şəhər merinin müavini İlya Eloşvili

Xatırladaq ki, azərbaycanlıların adını daşıyan küçələrin bəzilərində söküntü işləri aparılıb və yeni binalar inşa olunub. Məsələn M.Ş.Vazeh küçəsində yeni hotel tikilir. Tikinti işləri başa çatdıqdan sonra küçənin adının saxlanılacağı bildirilir.

M.F.Axundzadənin adını daşıyan küçədə lövhə var. Amma bu lövhələr köhnələrək pas atıb, üzərindəki yazını oxumaq çətinləşib.

İ.İsfahanlı Tbilisidə anadan olub və Gürcüstanda Azərbaycan teatrının yaradılmasında müstəsna rol oynayıb. 1997-ci ildə Gürcüstanın Mədəniyyət Nazirliyinin qərarı ilə İ.İsfahanlının 100 illiyi münasibətilə Tbilisi şəhərində Vaxtanq Qorqosali küçəsinin dördüncü döngəsinə aktyorun adı verilib. Küçənin yeni adını bildirən lövhələrin hazırlanması Tbilisi meriyasına həvalə olunub.

Azərbaycanlı mütəfəkkirlərin adları verilmiş bəzi küçələrdə lövhələr yoxdur. Tbilisi şəhərinin yeni planında həmin adların bərpası və s. məsələlər də nəzərdə tutulub.

Son xəbərlər

Orphus sistemi