İstanbulda Azərbaycan Diaspor Gənclərinin II Görüşü keçirilir

İstanbulda Azərbaycan Diaspor Gənclərinin II Görüşü keçirilir İstanbulda Azərbaycan Diaspor Gənclərinin II Görüşü başlayıb.
Diaspor
5 Noyabr , 2021 13:56
İstanbulda Azərbaycan Diaspor Gənclərinin II Görüşü keçirilir

İstanbulda Azərbaycan Diaspor Gənclərinin II Görüşü başlayıb.

"Report"un yerli bürosu xəbər verir ki, tədbir Diasporla İş üzrə Dövlət Komitəsinin Qarabağ Zəfərinin birinci ildönümü ərəfəsində gəncləri bir araya gətirərək onlar arasında diaspor fəaliyyətlərini və qarşılıqlı əlaqələri daha da gücləndirmək, eləcə də gənclərin bu quruma cəlb olunmasına dair layihəsi çərçivəsində keçirilir. ​ ​

Görüş Azərbaycan və Türkiyənin dövlət himnlərinin səsləndirilməsi ilə öz işinə başlayıb, şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Mərasimdə Diasporla İş üzrə Dövlət Komitəsi sədrinin birinci müavini Valeh Hacıyev, Azərbaycan Diasporuna Dəstək Fondunun​ (ADDF) icraçı direktoru Əkrəm Abdullayev, Türkiyə-Azərbaycan Dərnəkləri Federasiyasının (TADEF) sədri Ədalət Turan, Xaricdə Yaşayan Türklər və Əqraba Topluluqları İdarəsinin (YTB) sədr müavini Sait Yusuf, eləcə də dünyanın 39 ölkəsində yaşayan 60-a yaxın fəal azərbaycanlı gənc iştirak edir.

V.Hacıyev Dövlət Komitəsinin fəaliyyəti, gənclərin rolu, Türkiyə-Azərbaycan arasındaki sıx münasibətlər və 44 günlük Vətən müharibəsi nəticəsində şanlı zəfərin əldə olunmasında gənclərin rolundan danışıb: “Azərbaycan uzun illər davam edən işğaldan sonra öz torpaqlarını azad etdi. 8 Noyabr yalnız Azərbaycan üçün deyil, bütün türk dünyası üçün də Qələbə günüdür. Biz bu zəfərə ağır addımlarla gəlsək də, bu yol gözəl sonluqla başa çatdı. Müzəffər Ali Baş Komandanın qətiyyəti, Azərbaycan əsgərinin gücü və igidliyi nəticəsində qələbə qazandıq. Bu zəfər yalnız Ermənistan deyil, həm də onların havadarları üzərində də əldə edilən tarixi qələbədir. Azərbaycanın bu haqq davasında siz gənclər də öz dəstəyinizi verdiniz. Mitinqlərə çıxdınız, səsinizi ucaltdınız. Bu da Azərbaycanın haqq səsinin dünyaya çatdırılmasında xüsusi rol oynadı”

Tədbirdə həmçinin qələbənin əldə olunması yolunda atılan addımlar və hazırda Azərbaycan dövlətinin işğaldan azad edilən torpaqlarda apardığı bərpa və yenidənqurma işlərindən də danışılıb. ​ ​

Eyni zamanda Dövlət Komitəsinin son üç il ərzində fəaliyyətinə həsr olunan videohesabat və diaspor nümayəndələrinin Şuşaya təşkil olunan üç səfərini özündə əks etdirən videoçarx nümayiş olunub. Həmçinin Azərbaycan Diasporuna Dəstək Fondunun fəaliyyət istiqamətləri, gördüyü işlər və müraciətlərlə bağlı materiallar iştirakçılara təqdim edilib.

Son xəbərlər

Orphus sistemi