Finlandiyanın paytaxtı Helsinkidə fəaliyyət göstərən Azərbaycan Evində 8 Noyabr – Zəfər Gününə həsr olunmuş bayram tədbiri keçirilib.
Diasporla İş üzrə Dövlət Komitəsindən "Report"a verilən məlumata görə, tədbirdə Azərbaycan Evinin nəzdində fəaliyyət göstərən Azərbaycan həftəsonu məktəbinin müəllim-şagird heyəti, valideynlər və yerli ictimaiyyətin nümayəndələri iştirak ediblər.
Azərbaycanın Dövlət Himninin səsləndirilməsi ilə başlayan tədbirdə Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Qonaqları salamlayan Helsinki Azərbaycan Evinin rəhbəri, Skandinaviya Azərbaycanlıları Koordinasiya Şurasının Finlandiya üzrə koordinatoru, “Azər-Türk” Gənclər Təşkilatının sədri Ülviyyə Cabbarova Azərbaycanın 3 il öncə baş vermiş parlaq qələbəsi münasibətilə tədbir iştirakçılarını təbrik edib. Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin qətiyyətli rəhbərliyi ilə Azərbaycan Ordusunun böyük Zəfər əldə etməsi, hazırda Qarabağın bütün şəhər və kəndlərində Azərbaycanın Dövlət Bayrağının dalğalanması ilə bu il 100 illik yubileyi qeyd edilən müasir Azərbaycan dövlətinin qurucusu Heydər Əliyevin vəsiyyətinin və Azərbaycan xalqının ümdə arzusunun gerçəyə çevrildiyini, şəhidlərin ruhunun şad olduğunu vurğulayıb.
Tədbirin bədii hissəsində Azərbaycan həftəsonu məktəbinin şagirdlərinin ifasında vətənpərvərlik mövzusunda şeirlər və mahnılar səsləndirilib.