Bakı. 1 may. REPORT.AZ/ Ukraynanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Aleksandr Mişşenkonun təşəbbüsü ilə bu gun Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradovla görüşüb.
Bu barədə "Report"a Diasporla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən məlumat verilib.
Görüşdə Ukrayna-Azərbaycan əlaqələrinin inkişafı, iki ölkə arasında əməkdaşlıq, onun perspektivləri və bu istiqamətdə diasporun verə biləcəyi töhfələr müzakirə olunub.
Səfir Aleksadr Mişşenko Dövlət Komitəsinin sədri Fuad Muradovu yeni vəzifəyə təyin olunması münasibətilə təbrik edib. Yeni işində uğurlar arzulayan səfir əməkdaşlığın dərinləşməsində maraqlı olduğunu bildirib. Aleksandr Mişşenko Azərbaycandakı Ukrayna icmasının, eləcə də Ukraynadakı Azərbaycan diasporunun fəaliyyəti üçün yeni imkanlar açıldığına əminliyini ifadə edib.
Dövlət Komitəsinin sədri Fuad Muradov təbrikə görə Aleksandr Mişşenkoya təşəkkür edərək, əməkdaşlığın bundan sonra daha da genişləndiriləcəyini bildirib. O qeyd edib ki, Azərbaycan və Ukrayna diasporu arasında qarşılıqlı əlaqələrin inkişaf etdirilməsi hər iki icma üçün səmərəli ola bilər.