Finlandiyanın paytaxtı Helsinkidə Azərbaycan Evinin açılış mərasimi keçirilib.
“Report” xəbər verir ki, mərasimdə Diasporla iş Üzrə Dövlət Komitəsinin, Finlandiyadakı diplomatik korpusun, Azərbaycan diasporunun, yerli ictimaiyyətin və müxtəlif icmaların nümayəndələri iştirak ediblər.
Qonaqları salamlayan “Azər-Türk” Gənclər Təşkilatının sədri, Skadinaviya Azərbaycanlıları Koordinasiya Şurasının Finlandiya üzrə əlaqələndiricisi, Helsinki Azərbaycan Evinin rəhbəri Ülviyyə Cabbarova qonaqları salamlayıb.
Azərbaycanın Dövlət Himninin və Diaspor Marşının səsləndirilməsi ilə davam edən tədbirdə Ermənistanın son təxribatı nəticəsində həlak olan şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Diasporla İş üzrə Dövlət Komitəsinin sədr müavini Elşad Əliyev çıxış edərək, Avropada növbəti Azərbaycan Evinin açılması münasibətilə soydaşlarımızı təbrik edib, bu hadisəni dövlətimizin xaricdə yaşayan soydaşlarımıza diqqətinin və qayğısının təzahürü kimi qiymətləndirib. Prezident İlham Əliyevin Dünya Azərbaycanlılarının V Qurultayında Azərbaycan məktəblərinin, bazar günü məktəblərinin xarici ölkələrdə açılması istiqamətində fəaliyyətin genişləndirilməsi, ana dilinin soydaşlarımızı birləşdirən əsas amil olması barədə tövsiyələrini xatırladan sədr müavini Helsinki Azərbaycan Evinin bu yöndə uğurlu fəaliyyət göstərəcəyinə əminliyini ifadə edib.
Qeyd olunub ki, minlərlə azərbaycanlının yaşadığı Finlandiyada Azərbaycan Evinin açılması ilə dünyanın müxtəlif ölkələrində fəaliyyət göstərən analoji məkanların sayı 19-a çatıb. Helsinki Azərbaycan Evinin uzunömürlü olacağına, Azərbaycan diasporunun daha da güclənməsində, Finlandiya azərbaycanlılarının vahid bir platforma ətrafında birləşməsində böyük rol oynayacağına inam ifadə edilib.
Tədbirdə çıxış edən Finlandiyanın Cənubi Qafqaz üzrə səfiri Kirsti Narinen və ölkəmizin Finlandiyadakı səfirliyinin əməkdaşı Cavanşir Məmmədov bu hadisəni dövlətlərimiz və xalqlarımız arasında dostluq və əməkdaşlıq əlaqələri baxımından mühüm addım adlandırıblar. Azərbaycan Evinin açılması xəbərinin yerli ictimaiyyətdə böyük maraq doğurduğu nəzərə çatdırılıb. Səfir Kirsti Narinen qeyd edib ki, Azərbaycanla Finlandiya arasında çoxəsrlik ticari və iqtisadi əlaqələr mövcud olub: “Hesab edirəm ki,Helsinkidə Azərbaycan Evinin açılması bir çox sahələrdə qarşılıqlı münasibətlərin inkişafı baxımından önəmlidir”.
Türkiyənin Finlandiyadakı səfiri Deniz Çakarın fikrincə, bu cür evlərin açılması bizim işbirliyimizin çox gözəl təməli olacaq və Azərbaycanın Finlandiyadakı diasporunun səsinin daha da yüksəlməsini təmin edəcək: “Mən bu evə böyük qürur hissi ilə gəlmişəm və Azərbaycan Evinin bundan sonrakı fəaliyyəti üçün əlimizdən gələni sevə-sevə etməyə hazırıq”.
9 ildir Finlandiyada yaşayan Babək İmani burada Azərbaycan Evinin açılması və həftəsonu məktəbinin başlamasından böyük sevinc hissi duyduğunu qeyd edib, 6 yaşlı oğlu Rafaelin burada ana dilini mükəmməl öyrənəcəyinə inandığını söyləyib.
Qeyd edək ki, Helsinkidəki Azərbaycan Evində Diaspor TV-nin “Vətən uzaqda deyil” proqramının çəkilişləri aparılıb.
Xatırladaq ki, dünyanın 20-yə yaxın şəhərində Azərbaycan Evi açılıb. Bu, xarici siyasət, Azərbaycanın təbliğatı ilə yanaşı, Vətəndən uzaqda böyüməkdə olan gənc nəslə Azərbaycan dilinin tədris edilməsi, vətənpərvərlik hisslərinin aşılanması məqsədi daşıyır.