Türkiyənin Eskişehir şəhərində Rusiya sülhməramlılarının müvəqqəti nəzarətində olan Azərbaycan ərazisində faydalı qazıntı yataqlarının qeyri-qanuni istimarına etiraz əlaməti olaraq aksiya keçirilib.
Bu barədə "Report"a Diasporla İş üzrə Dövlət Komitəsindən məlumat verilib.
Eskişehir Azərbaycanlılar Dərnəyinin gənclər qanadının təşkilatçılığı ilə Ulus Anıtı meydanında baş tutan etiraz aksiyasında Azərbaycan və Türkiyənin dövlət bayraqları dalğalandırılıb, “Qarabağ Azərbaycandır!”, “Azərbaycan oyaqdır, sərvətinə dayaqdır!”, “Qarabağdakı ekoloji terrora son qoyulsun!”, “Bir millət, iki dövlət” şüarları nümayiş etdirilib.
Sonra Eskişehir Azərbaycanlılar Dərnəyinin gənclər qanadının sədri Zahir Hacızadə aksiya iştirakçılarının bəyanatını oxuyub.
Bəyanatda bildirilib ki, soydaşlarımız Şuşa-Xankəndi yolunda azərbaycanlı ekofəalların, vətəndaş cəmiyyəti nümayəndələrinin və könüllülərin keçirdiyi etiraz aksiyasını dəstəkləyirlər. Ermənistanın Azərbaycanın təbii sərvətlərini qanunsuz olaraq taladığı, ətraf mühiti çirkləndirdiyi, ekosid törətdiyi bir vaxtda Rusiya sülhməramlılarının Azərbaycanın dövlət qurumlarının nümayəndələrindən ibarət monitorinq qrupunun bu bölgəyə daxil olmasına və müşahidə aparmasına imkan verməməsi qəbuledilməz davranış kimi qiymətləndirilib.
Nəzərə çatdırılıb ki, Laçın yolunu azərbaycanlı etirazçılar deyil, Rusiya Federasiyasının sülhməramlıları bağlayıblar. Azərbaycanlı etirazçıların humanitar yardım və təcili yardım maşınlarının yolu keçməsi üçün hər cür şərait yaratdıqlarına diqqət cəlb edilib.
Bəyanat müəllifləri Azərbaycanın qanunlarına və suverenliyinə hörmət edilməsini, Azərbaycanın dövlət qurumlarının nümayəndələrinin ekoloji monitorinq məqsədilə ölkəmizin ərazisində fəaliyyət göstərməsinə heç bir maneə yaradılmamasını, Ermənistanın və erməni separatçılarının ekoloji terroruna son qoyulmasını, Rusiya sülhməramlılarının müvəqqəti nəzarəti altında olan ərazidəki qanunsuz erməni silahlı birləşmələrinin dərhal çıxarılılmasını tələb ediblər.
“Bu torpaqlar bizim torpaqlarımızdır, buranın hər daşı bizim üçün qiymətlidir. İllərdir ermənilər bu torpaqlarda ekoloji tarazlığı pozub, meşələr yandırılıb, çayların məcrası dəyişdirilib, milli sərvətlərimiz talan edilib. Hər zaman ekoloji problemləri gündəmə gətirən böyük təşkilatlar, dövlətlər nədənsə Qarabağdakı ekosid əleyhinə heç vaxt çıxış etməyiblər. İndi buna son qoymağın vaxtıdır. Biz Qarabağda qeyri-qanuni mədən hasilatına və ekoloji terrora son qoymağa çağırırıq” - sənəddə vurğulanıb.