Ermənistanın Hollandiyadakı səfirliyi qarşısında etiraz aksiyası keçirilib

Ermənistanın Hollandiyadakı səfirliyi qarşısında etiraz aksiyası keçirilib Ermənistan səfirliyinin önünə qara çələng qoyulub
Diaspor
7 Aprel , 2016 18:19
Ermənistanın Hollandiyadakı səfirliyi qarşısında etiraz aksiyası keçirilib

Bakı. 7 aprel. REPORT.AZ/ Aprelin 7-də Ermənistan Respublikasının Niderland Krallığındakı səfirliyinin önündə Ermənistan ordusunun son hərbi təxribatlarına etiraz aksiyası keçirilib. Piket Hollandiya-Azərbaycan Türk Kültür Dərnəyinin təşkilatçılığı, Benilüks Azərbaycanlıları Konqresi (BAK) və Ana Vətən Cəmiyyətinin dəstəyi ilə baş tutub. 

Bu barədə "Report"a Diasporla İş üzrə Dövlət Komitəsinin (DİDK) mətbuat xidmətindən məlumat verilib. 

Aksiyada Den Haaq Türk İslam Kültür Vəqfi, Holandiya "Turan gəncliyi" dərnəyi, Niderlandın "Odlar Yurdu", "Azərbaycan Evi", Brabant Azərbaycanlıları Cəmiyyəti, Almaniyanın Biefeld Alman Azərbaycan Mədəniyyət Cəmiyyətinin üzvləri, həmçinin, Niderlandda yaşayan Azərbaycan və türk diaspor nümayəndələri qatılıblar. Bundan başqa, aksiyaya uyğur, noyqar və türkmən diasporunun nümayəndələri də qoşulublar. Ümumilikdə aksiyada Azərbaycan və türk diaspor təşkilatlarının 300-dən çox nümayəndəsi iştirak edib.

Niderland Azərbaycan Türk Kültür Dərnəyinin başçısı İlhan Aşqın, BAK-ın vitse-prezidenti Elsevər Məmmədov, Ana Vətən Cəmiyyətinin sədri Maisə Ağamirzəyeva, Den Haaq Türk İslam Kültür Vəqfinin başçısı Tahsin Çətinkaya və Azərbaycan diasporunun digər fəalları çıxış edərək, son günlər Ermənistan Silahlı Qüvvələri tərəfindən atəşkəs rejiminin və beynəlxalq hüquq normalarının kobud şəkildə pozulmasını, Azərbaycanla təmas xəttində təxribatçı cəhdlərin törədilməsini pisləyiblər.

Eyni zamanda, iştirakçılar qəhrəmancasına vuruşan əsgərlərə dəstək verdiklərini ifadə edib, Ermənistan silahlılarının Azərbaycan torpaqlarından qeyri-şərtsiz çıxarılmasını tələb ediblər.

Səfirlik əməkdaşları aksiya iştirakçılarının bəyanatını qəbul etməyiblər. Lakin diaspor fəalları çətinliklə də olsa, bəyanatı səfirliyin poçt qutusuna atıblar. Sonda Ermənistan səfirliyinin önünə qara çələng qoyulub. 

Son xəbərlər

Orphus sistemi