Meksikanın nüfuzlu “ABC” radiosuna müsahibəsində Azərbaycanın Meksikadakı səfiri Məmməd Talıbov Ermənistan silahlı qüvvələrinin 12 iyul tarixindən başlayaraq ordumuzun Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz rayonu sahəsindəki mövqelərinə qəfil artilleriya hücumları təşkil edərək, növbəti dəfə atəşkəs rejimini pozduğunu, bu zaman on bir nəfər azərbaycanlı hərbi qulluqçu və bir nəfər dinc sakinin həlak olduğunu, bir neçə hərbçimizin isə yaralandığını bildirib.
Azərbaycan Respublikasının Meksikadakı Səfirliyindən “Report”a verilən məlumata görə, Ermənistan tərəfinin bu təxribatı öncədən planlaşdırılmış qaydada və məqsədli şəkildə törətdiyini vurğulayan səfir, təcavüzkar ölkənin həm qoşunların təmas xəttində, həm də dövlət sərhədində dəfələrlə belə təxribatlara əl atdığını qeyd edib.
Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi haqda danışan M.Talıbov Ermənistan tərəfinin Azərbaycanın beynəlxalq qaydada, o cümlədən Meksika tərəfindən tanınmış ərazilərinin 20 faizini işğal etdiyini, bu ərazilərdə etnik təmizləmə apardığını, münaqişəyə dair BMT Təhlükəsizlik Şurası tərəfindən qəbul edilmiş qətnamələrin bu ərazilərin dərhal işğalçı qüvvələrdən azad edilməsini tələb etdiyini, Ermənistan tərəfinin isə bu qətnamələrin tələblərinə bu günədək əməl etməkdən daşındığını bildirib.
Ermənistanın 12 iyulda tarixində olduğu kimi təxribatlar törətməkdə məqsədinin ilk növbədə dünya ictimaiyyətinin diqqətini 30 ildir davam edən bu işğal faktından yayındırmaq, eləcə də ATƏT-in Minsk qrupu çərçivəsində aparılan və onsuz da kövrək durumda olan danışıqlar prosesini zədələmək olduğunu və bu xüsusda, Paşinyan administrasiyasının danışıqları sabotaj etmək meyllərinin aydın müşahidə edildiyini vurğulayıb.
Bu təxribatın eyni zamanda daxili auditoriyaya da yönəlik bir addım olduğunu, bununla Ermənistan rəhbərliyinin xalqın diqqətini ölkədə mövcud olan və pandemiya qarşısında çarəsizlik səbəbindən dərin böhran həddinə çatmış, son dərəcə kəskin sosial-iqtisadi və siyasi vəziyyətdən yayındırmağa çalışmaq olduğunu deyib.
Azərbaycanın suveren ərazilərində Ermənistan silahlı qüvvələrinin mövcudluğunun regionda sülh və təhlükəsizliyə başlıca təhdid olduğunu deyən M.Talıbov, Azərbaycanın inkişaf etmiş, sivil və demokratik bir ölkə kimi öz ərazisində başqa dövlətin silahlı qüvvələrinin olmasına tamaşaçı qalmayacağını və beynəlxalq ictimaiyyətin Ermənistandan işğal etdiyi Azərbaycan torpaqlarını boşaltmağı qəti şəkildə tələb etməsinin vaxtı çatdığını vurğulayıb. Azərbaycanın sülh tərəfdarı olduğunu, ancaq xalqımızın, işğal olunmuş ərazilərdən qovulmuş və ümumi nüfuzun 10 faizini təşkil edən insanlarımızın həm hökumətdən, həm də beynəlxalq ictimaiyyətdən doğma torpaqlarına qayıtmağı tələb etdiyini bildirib.
Hazırda beynəlxalq ictimaiyyətin çoxsaylı üzvlərinin, o cümlədən dost Meksikanın da beynəlxalq hüququ, bu xüsusda ölkələrin ərazi bütövlüyü, suverenliyi və beynəlxalq qaydada tanınmış sərhədlərinin toxunulmazlığı kimi əsas prinsipləri dəstəkləyən bəyanatlar verdiyini və Azərbaycanın Meksika tərəfinin bu mövqeyini yüksək qiymətləndirdiyini qeyd edən səfir, bütün dünyanın bu torpaqları Azərbaycan ərazisi kimi tanıdığı halda, Ermənistan müdafiə nazirliyinin Tovuz rayonundakı təxribatdan sonra ehtiyac olarsa daha çox ərazi tuta biləcəkləri kimi bir bəyanat verməsinin birbaşa və aşkar təcavüz olduğunu vurğulayıb.
Son olaraq, Azərbaycanın daim beynəlxalq hüquq və sülh mövqeyindən çıxış etdiyini, regional və beynəlxalq əməkdaşlığa can atdığını deyən M.Talıbov, bu xüsusda Azərbaycan Prezidentinin Qoşulmama Hərəkatının sədri qismində BMT-nin pandemiyaya qarşı mübarizə mövzusuna həsr olunmuş xüsusi sessiyasının çağırılması ilə bağlı təşəbbüsünü qeyd edərək, bu təşəbbüsün 130-dan çox ölkə tərəfindən dəstəkləndiyi halda, Ermənistan buna qarşı çıxış etdiyini və dünya ölkələrinin pandemiya ilə mübarizə apardığı bir şəraitdə öz təxribatçı əməllərini yerə qoymayaraq ordumuzun mövqelərinə və dinc sakinlərə qarşı hücumlar təşkil etməkdən çəkinmədiyini bir daha vurğulayıb.