Almaniyanın paytaxtı Berlində yerləşən “Gallery Berlin” rəsm qalereyasında “Heydər Əliyev və Azərbaycanın mədəni irsi” adlı foto-sərgi təşkil edilib.
Bu barədə "Report"a Diasporla İş üzrə Dövlət Komitəsindən məlumat verilib.
Dövlət Komitəsinin, Azərbaycanın Almaniyadakı səfirliyinin dəstəyi və “Azərxalça” ASC-nin təşkilatçılığı ilə “Heydər Əliyev İli” çərçivəsində baş tutan tədbirdə Azərbaycan icmasının üzvləri, alman ictimaiyyətin nümayəndələri və sənətsevərlər iştirak ediblər.
Tədbirdə çıxış edən Azərbaycanın Almaniyadakı fövqəladə və səlahiyyətli səfiri Nəsimi Ağayev bildirib ki, ulu öndər Heydər Əliyev həm Azərbaycan mədəniyyətinin inkişafında, həm də onun xaricdə tanınmasında misilsiz xidmətlər göstərib. Qeyd edib ki, ulu öndərin adını daşıyan Heydər Əliyev Fondunun hazırda dahi şəxsiyyətin mədəniyyət sahəsindəki siyasətini uğurla davam etdirir.
Mərasim iştirakçılarını salamlayan Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov bildirib ki, görkəmli dövlət xadimi Heydər Əliyev Azərbaycan mədəniyyətinin inkişafı və qorunması üçün böyük işlər görüb. Azərbaycan Prezidenti İlham Əliyevin mədəniyyət sahəsinə xüsusi diqqət yetirdiyi, Azərbaycan mədəni irsinin bütün dünyada təqdim və təbliğ olunması istiqamətində ölkəmizin Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın rəhbərliyi ilə misilsiz irimiqyaslı layihələrin həyata keçirildiyi nəzərə çatdırılıb.
Sərgi yerli ictimaiyyətin böyük marağına səbəb olub.