"Atamın doğulduğu torpaqları yenidən görmək istəyirəm” - Azərbaycanlı icra başçısının Ukraynada yaşayan snayperçi qardaşı oğlu

"Atamın doğulduğu torpaqları yenidən görmək istəyirəm” - Azərbaycanlı icra başçısının Ukraynada yaşayan snayperçi qardaşı oğlu Ukraynanın Dnepr şəhərində doğulub böyüyən, bu ölkə ordusunun tanınmış snayper olmuş, Donetsk aeroportunun məşhur “7-lik” snayper müdafiəçisindən biri azərbaycanlı Möhsüm İlyas oğlu Hüseynovdur.
Diaspor
394
3 Sentyabr , 2021 13:30
Atamın doğulduğu torpaqları yenidən görmək istəyirəm” - Azərbaycanlı icra başçısının Ukraynada yaşayan snayperçi qardaşı oğlu
Möhsüm Hüseynov

Müsahibimiz Ukraynanın Dnepr şəhərində doğulub böyüyən, bu ölkə ordusunun tanınmış snayperi olmuş, Donetsk aeroportunun məşhur “7-lik” snayper müdafiəçisindən biri azərbaycanlı Möhsüm İlyas oğlu Hüseynovdur.

“Report”un Şərqi Avropa bürosu Ukraynanın şərqində gedən döyüşlərdə bir vaxtlar populyar olan, amma azərbaycanlıların az tanıdığı keçmiş hərbçidən reportaj hazırlayıb.

Əvvəlcə onu bildirək ki, Möhsüm Hüseynov Azərbaycanın Xocavənd Rayon İcra Hakimiyyətinin başçısı Eyvaz Hüseynov ilə Milli Qəhrəman İbad Hüseynovun doğma qardaşı oğludur. Atası ona öz atasının - baba Möhsümün adını qoyub.

Möhsümün məlum əmiləri ilə yanaşı, atası İlyas Hüseynov da Birinci Qarabağ müharibəsinin fəal iştirakçısı olub

Hüseynov Möhsüm 1991-ci ildə Dnepr şəhərində anadan olub. Özündən böyük Zülfiyyə adlı bacısı var. Atası Hüseynov İlyas Möhsüm oğlu, anası isə milliyətcə ukraynalı Anna Alikovnadır. Atası ilə anası Dneprdə tanış olub evləniblər. Atası İlyas həmin vaxt Azərbaycandan Ukraynaya işləməyə gəlib. Amma Möhsüm yenicə doğulubmuş ki, atası İlyas 1991-ci ildə Azərbaycanda Ermənistanın Qarabağda işğalçılığına qarşı vuruşmaq üçün onlardan ayrılıb Vətənə qayıdıb.

Qarabağda atəşkəs olsa da bir müddət ailə atadan xəbər tutmur: “Buna qədər atam ilə anam evlənəndə atam anamı Azərbaycana, doğulduğu Xocavənd rayonu Muğanlı kəndinə aparıb tanış edib. Sonra bacım doğulanda bir dəfə də gediblər. Mən doğulan kimi isə Azərbaycanda müharibə başladı və atam getdi. 1997-ci ildə birdən atamdan zəng gəldi. Bu, bizi çox sevindirdi. Hətta o qədər sevindik ki, o vaxta qədər niyə axtarmaması bizi heç maraqlandırmadı. O bizi Azərbaycana dəvət etdi. Anam getməsə də, biz bacımla qatarla yola düşüb getdik. Öyrəndik ki, atam orda da ailə qurub. Hazırda o nikahdan qızı - bacım Nigar ABŞ-da Harvardda oxuyur və mənimlə ünsiyyət saxlayır. Ondan sonra atam demək olar hər gün bizimlə əlaqə saxlayırdı. Amma o, bura bir daha gəlmədi. Sonra 2005-ci ildə atam bizi bir dəfə də çağırdı, mən getdim. O, istədi ki, mən yanına köçüb onunla yaşayım. Mən razılaşdım. Amma bir neçə gün sonra atam bilet alıb, mənimlə xudahafizləşib geri Ukraynaya yola saldı ki, sonra yenə görüşərik. Səbəbini anlamadım. Yəqin ki, anam onun yanına köçməyimə razılaşmayıb. Sonra mən də soruşmadım. Amma hər gün telefon və digər rabitə vasitələri ilə ünsiyyətimiz olurdu. 2007-ci ildə qəflətən zəngləri dayandı. Əlaqəmiz kəsildi. Bir müddət sonra atamın bacısı - bibim zəng edib atamın vəfat etdiyini bildirdi...”.

Anası Anna indiyə qədər soyadını dəyişməyib, Hüseynovadır...

Möhsüm 2010-cu ildə hərbi xidmətdən qayıtdıqdan sonra 2014-cü ildə Ukraynanın şərqində separatizm baş qaldıranda könüllü yenidən orduya yazılaraq ölkənin suverenliyi uğrunda döyüşlərə yollanır. Döyüş şücaəti ilə qısa müddətdə fərqlənir, hətta separatçıların qorxulu röyasına çevrilir. O, tanınmış snayper kimi həlledici döyüşlərdə iştirak edir, dəfələrlə ölümdən dönür. 2014-cü ildə Donetsk aeroportunun müdafiəsini təşkil edən məhşur 7 nəfərdən biri olur. 2015-ci ilin sonunda aldığı kontuziya səbəbindən ordudan tərxis olunur. Ukrayna rəhbərliyi ona “İgidliyə görə”, “Şücaətə görə” medalları ilə təltif edib. Daha yeni ali təltiflər ilə bağlı da məlumatlandırılıb.

“Mən döyüşdə olanda yalnız bir şeyi düşünürdüm ki, nə olur olsun, daşıdığım soyada ləkə gəlməsin. Əsir düşməyim, hər hansı nalayiq addımlar atmayım və s. Yoxsa bu mənim üçün pis pərtlik olardı. Şükür ki, mən atamın və əmilərimin keçdiyi şərəfli döyüş yoluna uyğun döyüşdüm”, - Möhsüm Hüseynov deyib.

O, döyüşlərdə olduğu müddətdə Ukraynanın suverenliyi uğrunda bir nəfər erməninin döyüşlərdə olmadığını söyləyib: “Amma Ukrayna vətəndaşı olan azərbaycanlılar çox idi”.

Atasının vəfatından sonra Möhsüm Azərbaycana getməsə də ürəyi daim ora ilə döyünür

"Bilirəm ki, bir əmim orda rayon rəhbəridir, digər əmim Milli Qəhrəmandır, o biri əmilərim də döyüşlərdə şücaət göstəriblər. Arada onlarla ünsiyyətimiz olur. Mən Azərbaycana getmək istəyirəm. Xüsusilə ötən il eşidəndə ki, Azərbaycan ordusu Vətən müharibəsi aparır, mənim mənsub olduğum Xocavənd rayonunda döyüşlər gedir, çox cəhd etdim ki, mən də o döyüşlərə qatılım. Amma heyif ki, əcnəbi vətəndaş olduğum üçün bu alınmadı. Mən Azərbaycana getmək, atamın doğulduğu torpaqları yenidən görmək istəyirəm”,- o, arzusunu dayanmadan dilə gətirib.

Möhsüm Dnepropetrovskdə Azərbaycan diasporunun tədbirlərinə qatılır və Dnepropetrovsk vilayəti Azərbaycanlıları Liqasının qonağı olur. O, söhbətimiz zamanı Liqanın rəhbəri Sərxoş İsmayılovun, fəal üzvləri Eldar Tağıyevin, Nadir Zeynalzadənin qonağı idi. Onlar azərbaycanlı gəncin qayğıları ilə maraqlanıblar.

Son xəbərlər

Orphus sistemi