Amsterdamda AAK-ın qurultayı başlayıb

Amsterdamda AAK-ın qurultayı başlayıb AAK-ın rəhbər orqanlarının yeni tərkibinin formalaşdırılması məsələsinə baxılacaq
Diaspor
27 Fevral , 2018 13:18
Amsterdamda AAK-ın qurultayı başlayıb
Report

Amsterdam. 27 fevral. REPORT.AZ/ Niderland Krallığının paytaxtı Amsterdam şəhərində Avropa Azərbaycanlıları Konqresinin VI (növbədənkənar) qurultayı və Xocalı soyqırımının 26-cı ildönümünə həsr olunan tədbir başlayıb.

“Report”un məlumatına görə, tədbirdə Prezidentin İctimai-siyasi məsələlər üzrə köməkçisi-şöbə müdiri Əli Həsənov, Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimov, Azərbaycanın media qurumlarının rəhbərlərindən “Report” İnformasiya Agentliyinin baş redaktoru Murad Əliyev, “Yeni Müsavat” Media Qrupunun rəhbəri Rauf Arifoğlu, "APA Holding"in prezidenti Vüsalə Mahirqızı, “Teleqraf” Media Qrupunun rəhbəri Aynur Camalqızı, “Haqqin.az” və “Virtualaz.org” xəbər saytlarının rəhbəri Eynulla Fətullayev və başqaları iştirak edirlər.

Qurultayda ilk olaraq Avropa Azərbaycanlıları Konqresinin (AAK) İdarə Heyətinin hesabatı və Mandat Komissiyasının məlumatı dinləniləcək.

Qurultayın I panel iclasında Azərbaycan Prezidentinin “2018-ci ilin Azərbaycanda “Azərbaycan Xalq Cümhuriyyəti İli” elan edilməsi haqqında” sərəncamına uyğun olaraq, Avropa ölkələrində Azərbaycan Xalq Cümhuriyyətinin yüzilliyinin qeyd edilməsi ilə əlaqədar AAK-ın hazırladığı Tədbirlər Planının layihəsi müzakirə olunacaq. İclasın moderatoru vəzifəsini AAK-ın fəxri prezidenti, təşkilatın İcraiyyə Komitəsinin üzvü Samirə Patzer-İsmayılova yerinə yetirəcək. 

Toplantıda İsrail Knessetinin sabiq deputatı, İsrailin Belarusdakı sabiq səfiri İosif Şaqal, AAK-ın İcraiyyə Komitəsinin üzvü, İstanbul Türkiyə-Azərbaycan Dərnəyinin üzvü Səfər Qaraqoyunlu, Dünya Azərbaycanlılarını Əlaqələndirmə Şurasının üzvü, AAK-ın fəxri prezidenti, Mayns Azərbaycan Cəmiyyətinin sədri Başar Kömür, “Xəzər” Azərbaycan-İsveç Dostluq Cəmiyyətinin sədri Leyla Kiani çıxış edəcəklər.

AAK-ın İcraiyyə Komitəsinin üzvü, Paris Azərbaycan Evinin rəhbəri Mirvari Fətəliyevanın moderatorluğunu edəcəyi II panel iclasında isə "1918-ci il azərbaycanlıların soyqırımının 100 illiyi haqqında" Azərbaycan Respublikası Prezidentinin sərəncamına uyğun olaraq, Avropa ölkələrində 1918-ci il 31 mart azərbaycanlıların soyqırımının yüzilliyinin qeyd edilməsi ilə əlaqədar AAk-ın Tədbirlər Planı layihəsinin müzakirəsi nəzərdə tutulur.

Bu paneldə AAK-ın vitse-prezidenti, Birləşmiş Ukrayna Azərbaycanlıları Konqresinin (BUAK) sədri Rövşən Tağıyev, AAK-ın vitse-prezidenti, “Vətən” Cəmiyyətinin sədri Səfər Sadiqi, Dünya Azərbaycanlılarının Əlaqələndirmə Şurasının üzvü, “Aydan” Estoniya-Azərbaycan Mədəniyyət Mərkəzinin rəhbəri Niyazi Hacıyev, Polşada Azərbaycanlı Gənclər Şurasının sədri Nail Məmmədzadə çıxış edəcəklər.

III paneldə “Azərbaycan diasporu və Azərbaycan mediası: əməkdaşlıq səviyyəsi, problemlər və onların həlli yolları” (KİV və diaspor təşkilatları rəhbərlərinin iştirakı ilə) müzakirə olunacaq. Müzakirədə Azəri-Türk Qadınlar Birliyinin sədri Tənzilə Rüstəmxanlı, “Trend” İnformasiya Agentliyinin baş direktoru İlqar Hüseynov, Dünya Azərbaycanlılarını Əlaqələndirmə Şurasının üzvü, Litva Azərbaycanlıları Cəmiyyətinin sədri Mahir Həmzəyev çıxış edəcəklər.

Qurultay tədbirin sənəd layihələrinin müzakirəsi ilə davam edəcək. Bu hissədə AAK-ın Nizamnaməsinə əlavə və dəyişikliklər, AAK-ın 2018-2021-ci illər üçün fəaliyyət proqramı, Qurultayın qətnaməsi, Qurultay iştirakçılarının Xocalı soyqırımının 26-cı ildönümü ilə bağlı beynəlxalq təşkilatlara bəyanatı, “Metsamor” Atom Elektrik Stansiyası ilə bağlı beynəlxalq təşkilatlara müraciətinə baxılacaq.

Yekun olaraq AAK-ın rəhbər orqanlarının yeni tərkibinin formalaşdırılması məsələsinə baxılacaq.

Qeyd edək ki, fevralın 26-da Amsterdam şəhərində, “De Rode Hoed (The Red Hat)” Mərkəzində simfonik orkestrin iştirakı ilə Xocalı soyqırımının 26-cı ildönümü ilə bağlı konsert-rekviyem baş tutub.

Son xəbərlər

Orphus sistemi