ABŞ-ın Pensilvaniya ştatının Filadelfiya şəhərində Türkiyənin Müstəqil Sənayeçi və İş Adamları Dərnəyinin (MÜSİAD) Amerikadakı nümayəndəliyinin təşəbbüsü və dəstəyi ilə bölgədə ermənilərin uzun müddətdir davam edən aqressiv aksiyalarına cavab olaraq nəhəng löhvədə sülh mesajı dərc edilib.
“Report”un yerli bürosu xəbər verir ki, lövhədə “Azərbaycanlılar və türklər ermənilərlə harmoniya içində yaşamağa hazırdırlar. Bəs ermənilər?” (Azerbaijanis and Turks are ready to live in harmony with Armenians. How about armenians?) sətirləri yer alıb.
Lövhə Şimali Filadelfiyadan çıxış yolundan əvvəl, mərkəzi nəqliyyat qovşağında qoyulub.
MÜSİAD təmsilçisi bildirib ki, əhalisinin sayına görə ABŞ-ın 6-cı ən böyük şəhəri olan Filadelfiya ermənilərin sıx yaşadığı ərazilərdəndir və ermənilər bölgədə aylardır ki, Azərbaycana və Türkiyəyə qarşı qarayaxma kampaniyası aparırlar: “Bir müddətdir ermənilər durmadan aksiyalar keçirirlər. Biz isə sadəcə onları izləyirdik. Ancaq onlar dayanmır və bu çirkin əməllərini davam etdirirlər. Qərar verdik ki, bizim haqqımızda ABŞ ictimayyətinə əsassız və yalan məlumatlar təqdim edən ermənilərə cavab olaraq sülhü seçək. Bu mesajlarla ABŞ ictimaiyyəti onların mənfur niyyətlərinin və əməllərinin elə kimliklərini nümayiş etdirdiyinə şahid oldu. Məqsədimiz mülki əhalinin onların aqressiv davranışlarında zərər çəkməsinin qarşısını almaqdır”.
MÜSİAD sözçüsü deyib ki, elan lövhəsinin ərazidən qaldırılması üçün reklam şirkətinə ermənilər tərəfindən təzyiq olunur: “Son aldığımız məlumata görə, lövhənin bölgədən qaldırılması üçün 1 200 şikayət zəngi daxil olub. Biz Azərbaycan diasporundan da kömək istəyirik və düşünürük ki, insanlarımızın onların aqressiv və vəhşi davranışlarına məruz qalmaması üçün əlimizdən gələni etməliyik”.
Vüsalə Abbasova