Yuxarı

Gürcüstanda Qarabağ şəhidinin xatirəsi yad edilib - FOTO

​Gürcüstanda Qarabağ şəhidinin xatirəsi yad edilib

Gürcüstanın Bolnisi rayonunun Zol-Güvəc kəndində Qarabağ şəhidi Elşən Məmmədovun xatirəsi anılıb.

“Report”un yerli bürosu xəbər verir ki, Azərbaycanın Gürcüstandakı səfiri Dursun Həsənov, hərbi attaşe, polkovnik-leytenant Fuad İbrahimov, hərbi attaşe aparatı və səfirlik əməkdaşları şəhidin ailəsini ziyarət ediblər.

Anım mərasimində Bolnisi bələdiyyəsinin sakrebulo sədri Tamaz Jorjoliani, rayon icra başçısının müavini Longinoz Həsənov da iştirak ediblər.

Şəhidin qardaşı Rövşən Məmmədov Azərbaycanda hərbi xidmətini bitirib ata yurduna baş çəkib. Mərasim iştirakçıları onun valideynlərinə oğullarının hərbi xidməti sağ-salamat başa vurması münasibətilə göz aydınlığı veriblər.

Mərasim iştirakçıları öncə E.Məmmədovun məzarını ziyarət edərək ruhuna dualar oxuyublar.

Şəhidin ailəsinin evində davam etdirilən anım tədbirində D.Həsənov Azərbaycan dövlətinin şəhid ailələrini daima diqqətdə saxladığını bildirib. O, şəhidin atası Vaqif Məmmədova Elşən kimi mərd əsgər böyütdüyünə görə minnətdarlığını bildirib: “Azərbaycan xalqı Elşən kimi oğullarla fəxr edir və qürur duyur. Şəhidlərimizin qanı yerdə qalmayacaq və Azərbaycan Elşən kimi mərd oğulların sayəsində ərazi bütövlüyünü tezliklə bərpa edəcək”.

Səfir şəhid ailəsinin və Zol-Güvəc kəndinin qayğıları ilə də maraqlanıb. O bildirib ki, dünyada, xüsusən də Gürcüstanda yaşayan soydaşlarımız Azərbaycan rəhbərliyinin daimi diqqət mərkəzindədir.

D.Həsənov şəhidin qardaşı R.Məmmədovun gələcək planları ilə maraqlanıb və onun işlə təminatı məsələsinə səlahiyyətləri çərçivəsində dəstək verməyə hazır olduğunu deyib. R.Məmmədov səfirə ona və şəhid qardaşına göstərilən diqqətə görə minnətdarlığını bildirib. O, Azərbaycanda yaşamağa qərar verdiyini və ixisası üzrə mühasib kimi çalışmaq istədiyini qeyd edib.

Gürcüstan Müsəlmanları İdarəsinin Bolnisi rayon üzrə nümayəndəsi, axund Hacı İfrat Əhmədov Azərbaycan səfirliyinə şəhid ailəsinə göstərilən diqqət və qayğıya görə təşəkkür edib. Onun sözlərinə görə, Azərbaycan dövləti əslən Gürcüstandan olan Qarabağ şəhidlərinin ailələrinə xüsusi qayğı göstərir və şəhidlərin əziz xatirəsini yaşadır.

Şəhidin ailəsi Azərbaycan dövlətinə, səfirliyi və hərbi attaşe aparatına onlara göstərilən ehtiram və qayğıya görə minnətdarlıqlarını bildiriblər.

Qeyd edək ki, E.Məmmədov 2015-ci ilin sentyabrın 25-də şəhid olub. Qarabağ şəhidi ölümündən sonra “Hərbi xidmətdə fərqlənməyə görə” III dərəcəli medalı və 2017-ci ilin mayında Azərbaycan Respublikasının “Şücaətə görə” medalı ilə təltif olunub. Şəhidin Zol-Güvəc kəndindəki ata evində xatirə guşəsi yaradılıb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi